Hikmət Mirzəyev 44 günlük müharibədə Türkiyə və Pakistanın dəstəyindən DANIŞDI

"Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatının ilk günündən Türkiyə və Pakistanın Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsini göstərmək olar".
Redaktor.az xəbər verir ki, bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev deyib.
H.Mirzəyev bildirib ki, bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir: "Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcək".