Respublika Gənclər Kitabxanasında “Bilik Günü” ilə bağlı kitab sərgisi - FOTO

Azərbaycanda 15 sentyabr tarixi “Bilik Günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik Günü” kimi qeyd olunur.
Uzun illərdir ki, Respublika Gənclər Kitabxanasının işlədiyi əsas oxucu kontingenti məhz gənclər, yeniyetmələr, ən əsası isə məktəblilərdir. Təbii ki, bu illər ərzində öz ətrafında yüzlərlə, minlərlə “məktəbli dost” toplamağa müvəffəq olmuş kitabxana 15 sentyabr tarixindən yan ötə bilməzdi. Məhz bu səbəbdən Respublika Gənclər Kitabxanası “Bilik Günü” ilə əlaqədar olaraq məlumatlandırıcı video çarxlar və kitabxananın daxilində kitab sərgisi hazırlayıb.
“15 sentyabr Bilik Günü” adlı video çarxda Azərbaycanda və bir sıra xarici ölkələrdə olan “Bilik Günü ” ənənəsindən, “məktəb”, “təhsil” anlayışlarının tərifindən söhbət açılır. 2020-2021-ci tədris illərinə dair olan statistik göstəricilər, uzun illər Azərbaycanda qabaqcıl təhsil ocaqlarının siyahısında olan məktəb və liseylərin siyahısı video çarxda yer almışdır. Burada izləyicilər Azərbaycanda “Bilik Günü” nün təhsil edilməsinə dair Prezident İlham Əliyevin müvafiq fərmanının tam mətni, ümummilli lider Heydər Əliyevin şərəfli “müəllimlik” peşəsi haqqında söylədiyi dəyərli fikirlər ilə də tanış ola bilərlər. Bundan əlavə video çarxlarda izləyicilərə maraqlı ola biləcək digər faydalı məlumatlar da vardır.
“Bilik Günü” münasibətilə kitabxana daxilində hazırlanan kitab sərgisi həmçinin virtual olaraq kitabxananın sosial şəbəkə səhifələrinə də yüklənmişdir. Burada izləyicilər kitabxanada olan tarix, kimya, riyaziyyat, coğrafiya və s. bu kimi müxtəlif fənlərə dair dərsliklər, ensiklopediyalar ilə tanış ola bilərlər.
Sözügedən materiallara baxmaq arzusunda olan istifadəçilər aşağıdakı linklərdən yararlana bilərlər:
https://www.instagram.com/p/CTy77hhlSQk/
https://www.instagram.com/p/CTzrHBQo1BI/


