AQTA və AMEA İnstitutu əməkdaşlığa başlayır

 21:03 15.09.2021     776

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) nümayəndələri arasında görüş keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Redaktor.az-a verilən məlumata görə, görüşdə Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva bitki sağlamlığı sahəsində birgə elmi araşdırmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu sahədə təcrübə mübadiləsinin əməkdaşlığın inkişafına töhfə verəcəyini, elmi-nəzəri tədqiqatlarda və agentliyin laboratoriyaları üçün kadr hazırlığında Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bitki xəstəlikləri üzrə aparılan elmi-tədqiqat işləri, müvafiq laboratoriyalarda yaradılmış şərait və müasir tələblərə cavab verən maddi-texniki baza, eləcə də beynəlxalq mərkəzlərlə əməkdaşlıq əlaqələri barədə geniş məlumat verib.

Sonda bitki karantin xəstəliklərinin effektiv identifikasiyası, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problemlər, mütəxəssislər arasında daimi dialoqun təmin olunması və ortaq maraq doğuran digər məsələlər də müzakirə edilib.