Ağalar Vəliyev 600-dən çox seçicisini mükafatlandırdı - FOTO

 21:37 15.09.2021     1631

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy və Ağdam rayonlarında qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin və 500-dən yuxarı balla ali məktəblərə qəbul olunan tələbələrin bir qrupu ilə görüşüb. Xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla təşkil olunan mərasimlərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov iştirak ediblər.

Redaktor.az xəbər verir ki, tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin abidələrinin önünə tər güllər qoyulub. Görüşlərdə səslənən çıxışlarda ulu öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın və Prezident İlham Əliyevin təhsil islahatları konsepsiyasının  ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin davamlı inkişafının təmin olunduğu vurğulanıb.

Qeyd edilib ki, 2004-cü ildən etibarən  dövlət başçısının rəhbərliyi ilə uğurla gerçəkləşdirilən insan kapitalının formalaşdırılması siyasətinin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələrin icrası nəticəsində son 18 il ərzində ölkədə 3200-dən çox  məktəb tikilib və ya əsaslı təmir olunub. 

Mərasimlərdə deputat və adı çəkilən rayonların rəhbərləri tərəfindən tədbir iştirakçıları təbrik olunub, onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim edilib. Deputatın təşəbbüsü ilə Goranboy, Ağdam və Tərtər rayonları üzrə 46 qabaqcıl müəllimə, 397 əlaçı şagirdə, bu il ali məktəblərə daxil olarkən 600-dən yuxarı bal toplayan 29 və 500-dən yuxarı bal toplayan 137 tələbəyə fərdi qaydada pul mükafatları çatdırılıb.

Beləliklə də, son 5 il ərzində millət vəkili tərəfindən bu rayonlar üzrə ali məktəbə qəbul olunarkən 700 bal toplayan 2 nəfərin, 600-dən yuxarı bal toplayan 295 nəfərin, 500-dən yuxarı bal toplayan 833 nəfərin mükafatlandırılması və 46 məktəbin 1968 əlaçı şagirdinə fərqlənmə təqaüdünün verilməsi təşkil edilib.

Görüşlərdən sonra bir qrup seçicini səyyar qaydada qəbul edən deputat  Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli islahatlar, işğaldan azad olunmuş rayonlarımızda həyata keçirilən infrastruktur layihələri, Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər, həmçinin müvafiq dövlət proqramlarına əsasən bölgələrdə aparılan quruculuq və abadlıq işləri barədə seçicilərinə ətraflı məlumat verib.

Səyyar qəbullar zamanı Ağalar Vəliyev tərəfindən sosial məsələlərlə bağlı seçicilərinin müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib, əhalinin bəzi kommunal xidmətlərlə təchizatında mövcud olan problemlərinin aradan qaldırılması üçün rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq işlərin aparılacağı ilə bağlı onlar məlumatlandırılıb.

Səmimi şəraitdə keçən görüşlərdə və qəbullarda təhsil işçiləri, eləcə də yerli sakinlər dövlətimiz tərəfindən adı çəkilən rayonların sosial-iqtisadi inkişafına göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

 

 

 

 

222222