Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı alimləri, yazıçıları mükafatlandırdı - FOTO

 17:04 14.09.2021     62

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti azərbaycanlı alimləri, yazıçıları, fəalları Özbəkistanın  müstəqilliyinin 30 ili münasibəti ilə xüsusi mükafatlarla təltif edib.

Bu barədə Redaktor.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Cari il 13 sentyabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən müstəqillik bayramı tədbirində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov qardaş ölkənin müstəqilliyinin 30 illiyi münasibəti ilə dostluq əlaqələrimizi geniş təbliğ edən, öz fəaliyyətləri ilə əməkdaşlığımıza töhvələr verən bir sıra alim və yazıçılarımızı Cəmiyyətin xüsusi mükafatlarına layiq görüldüyünü bildirib.

Azərbaycanlı Nəvaişünas alim, tərcüməçi, ədəbiyyatşünas, professor Ramiz Əskər, türkoloq alim, tərcüməşünas, professor Nizami Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, yazıçı -publisist Əkbər Qoşalı Cəmiyyətin Fəxri diplomları ilə təltif olunublar.

Azərbaycanlı şair, publisist, Dünya Gənc Türk Yazarlar Birliyi idarə heyətinin sədri İntiqam Yaşar, "İsmayıllı xəbərləri" qəzetinin baş redaktoru, şair, tərcüməçi Şahməmməd Dağlaroğlu,  alim, tərcüməçi Şahistə Kamranlı, Sumqayıt Poeziya Evinin direktoru İbrahim Hacıyev, Hüquqi və İqtisadi Təhsil üzrə Regional İctimai Birliyinin sədri Arzu Bağırova Dostluq Cəmiyyətinin Fəxri Fərmanlarına layiq görülüblər.

Qeyd edək ki, ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafı, Özbək ədəbiyyatının tədqiqi, təbliği istiqamətində fəaliyyətləri, habelə xalqlar arasında dostluğumuzu geniş təbliğ edən bu şəxslərin fəaliyyəti Dostluq Cəmiyyəti tərəfindən təqdir edilmiş və mükafatlar azərbaycanlı alimlərə, fəallara çatdırılması məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edilib.

 

222