Təhsil işçilərinin vaksinasiyası ilə bağlı son vəziyyət

 18:00 20.09.2021     3088

Təhsil işçilərinin vaksinasiyası prosesi davam etdirilir. Hazırda ölkə üzrə bütün təhsil işçilərinin 86 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin 90 faizi vaksinasiya prosesində iştirak edib. Bu göstərici Bakı şəhəri üzrə 88, Sumqayıt şəhəri üzrə 92, Gəncə şəhəri üzrə 94, Abşeron rayonu üzrə 89, Yardımlı rayonu üzrə 97, Naftalan şəhəri üzrə 96, Şirvan, Qazax və Tərtər rayonlarının hər biri üzrə 95 faiz təşkil edir.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi, ali və orta ixtisas təhsili müəssisələrində çalışan təhsil işçilərinin 80 faizi, peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 92 faizi artıq vaksinasiya olunub.

Bundan əlavə, ümumi və peşə təhsili müəssisələrində çalışan təhsil işçilərinin 1 faizinin, məktəbdənkənar təhsil müəssisələrinin təhsil işçilərinin 2 faizinin immunitet sertifikatı var.

Qeyd edək ki, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq.