Keçmiş nazirdən Azərbaycanı şirin quyruğu ilə hədələyən ayətullaha: "Kəklik sürüsü kimi dağılıb qaçdılar"

Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, keçmiş nazir, diplomat Vilayət Quliyev Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görərək hədələyən İranın ali liderinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amiliyə maraqlı cavab verib.
Redaktor.az Vilayət Quliyevin feysbuk postunu olduğu kimi təqdim edir:
"Şirin quyruğu haqda şirin-şirin vəz edən, “ərteşin, sepahın hünərməndliyindən” ağız dolusu söz açan ərdəbilli mollanın xamnəli Mirzə Fətəli Axundzadənin bu sətirlərini oxuması da yerinə düşərdi:
Məstəli şah: "Mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mİrzə Ağası (1840-cı illərdə İran sədrəzəmi - V.Q.) meydanda Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbaz onun dövrəsini çevriyib başladı məvacib istəməyə. Həmin saat Hacı Mirzə Ağası əyilib ayağından başmağının bir tayını çıxarıb əlinə alıb, beş min yaman ilə alıcı quş kimi cumdu onların üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Heç birisini tuta bilməyib qayıdıb topun yanına gəldi, üzünü hüzurda duran xanlara tutub xitab eylədi: "Həzərat, gördünüz? Belə qorxaq qoşun ilə bilmirəm Heratı necə alacağam? Yaxşı ki, mən hələ qılınc ilə onların üstünə cummadım. Onda onların qaçmağı bilmirəm harada dayanacaq idi... "
Bu da tarixdən vird edən mollabala üçün bir tarixdir...."