Oktyabrın 1-dən bu şəxslərdən də COVID pasportu tələb olunacaq - RƏSMİ

 10:58 21.09.2021     921

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.

Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə? Avtomobildə maksimum 4 sərnişin daşıya biləcək sürücülərə qarşı reydlər keçirilirsə, bu proses 35-40 sərnişin daşıyan asvtobus sürücülərinə də aid edilməlidir.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: "Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur".

E. Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.