"Milli Məclisdə belə bir komissiyaya ehtiyac yoxdur” - Deputat

 16:47 21.09.2021     3139

44 günlük vətən müharibəsi igid oğullarımızın göstərdiyi mərdlik və şücaət hesabına qələbə ilə başa çatdı. Bu gün biz Qarabağa “Böyük Qayıdış”dan danışırıqsa, bu onların sayəsindədir. İstər Birinci, İstərsə də İkinci Qarabağ müharibəsində iştirak edən qazilər və şəhid ailələri daim dövlətimizin diqqəti və nəzarətində olub. Lakin təəssüflər olsun ki, müharibə iştirakçılarının bəzi sağlamlıq və sosial problemləri hələ də öz həllini tapmayıb. Bunlardan biri də ötən günlərdə sosial mediada gündəmə gələn Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət internetdə yayılan şikayəti ilə bağlıdır. Məsələ mediada işıqlandırılmasaydı, problemin öz həllini tapacağı da sual altında qalacaqdı. Bəs görəsən qazilərin sosial problemləri ilə bağlı xüsusi qurum yaradıla bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Fazil Mustafa cavablandırıb. Deputat qazimizin sosial təminatı ilə bağlı problem yaşamasını təəssüflə qeyd edib:


“Qazi və şəhid ailələri bizim ən həssas yerimizdir. Dövlətimiz cəmiyyətin bu təbəqəsini hər zaman diqqətdə saxlayır. Təəssüf ki, bəzən belə hallar yaşanır. Bu insan faktorundan asılı olan bir məsələdir. Lakin məsələ gündəm olan kimi problem dövlət tərəfindən həll edilir. Cəlilabad rayonunda yaşayan qazi Fariz Ağayev məsələsinə də aidiyyatı qurumlar dərhal reaksiya verdi. Belə problemlər yaşandığı zaman məsələni böyüdüb hansısa faciəli hadisə kimi təqdim etmək düzgün deyil. Belə hallardan sui-istifadə edilməməlidir. Düşünmürəm ki, hansısa məmur bu məsələ qəsdən və bilərəkdən qaziyə qarşı laqeyd yanaşsın. Əslində bu mövuzunu siyasiləşdirmək bir qədər təhlükəlidir. Qazilərə və şəhid ailələrinə ən yüksək səviyyədə xidmət göstərilməlidir və göstərilir də. Belə bir hadisə olduğu zaman əgər aidiyyatı qurumlar laqeydlik etsəydi, qınayıcı addımlar atmaq olardı. Amma problemin həlli üçün dərhal nazirlikdən reaksiya verildi və müvafiq  işlər görülür”.

Millət vəkili bildirib ki, qazilərin müalicəsi və həyat şəraitinin yaxşılaşdıırlması üçün dövlət tərəfindən kifayət qədər qayğı göstərilir: “Bu məsələ ilə bir neçə dövlət qurumu məşğul olur. Əlavə qurumun yaradılmasına və ya Milli Məclisdə bununla bağlı xüsusi komissiyanın təşkilinə ehtiyac yoxdur”.

Şəbnəm Mehdizadə