"Biz möminlər şirdən, onun quyruğundan deyil, göyərçindən danışmalıyıq" - Allahşükür Paşazadə

 17:11 22.09.2021     1493

Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olmuşdur. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Redaktor.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin məsələ ilə bağlı açıqlamasında yer alıb.

Açıqlamada, həmçinin deyilir: “Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək ən azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa etdiyi və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki, şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi, sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”.

Eyni zamanda, qeyd olunub ki, dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməlidirlər. Müqəddəs Kitabımızda buyurulduğu kimi, (İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.

Allah haqq yolunda olanlara yardımçı olsun!