"Ağılsızlıq edib bu yolu seçərlərsə, görəcəkləri var" - İranın güc nümayişinə REAKSİYA

 17:39 23.09.2021     1585

Erməni əsilli iranşünas Qarik Misakyan özünün feysbuk hesabında təxribat xarakterli məlumat paylaşıb.

Redaktor.az xəbər verir ki, Q.Misakyan guya İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hücum xarakterli və canlı qüvvəyə malik hərbi texnikanı Azərbaycanla sərhəd bölgəsinə göndərdiyini yazıb. O qeyd edib ki, SEPAH-ın xüsusi əməliyyatlarda ixtisaslaşan və İran-İraq müharibəsi zamanı yaradılan “31-ci Aşura Quru Diviziyası” Araz sahil zonasındadır:

"122 mm-lik raketlər və 240 mm-lik Fəcr-3 raket sistemləri ilə təchiz edilmiş qurğular da daxil olmaqla çoxlu sayda zirehli maşınlar, hücum üçün nəzərdə tutulan tanklar, zirehli personal daşıyıcıları, raket və artilleriya sistemləri Azərbaycanla sərhəd bölgəyə yerləşdirilib. SEPAH qüvvələri kəşfiyyat PUA-larını havaya buraxıb və eyni zamanda maksimum 200 km sürətlə hərəkət edə bilən, 2000 km məsafəyə uçan və uzaqdan idarə olunan lazer tank əleyhinə raketlərlə təchiz olunan ən son model olan “Qods Mohajer-6” PUA-sını cəlb edib".

Lakin erməni iranşünasın iddialarına dair İranın rəsmi açıqlaması, nə də bu ölkənin mətbuatında heç bir informasiya yoxdur.

Qarik Misakyanın paylaşımını şərh edən hərbi ekspert Abuzər Əbilov bildirib ki, Ermənistan mediası İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirmək üçün var qüvvəlsii ilə çalışır:

"Müxtəlif yalan xəbərlər, montaj olunmuş görüntülər yayılır. Bu baxımdan biz həddindən artıq diqqətli olmalıyıq. Düşmənin aramızda nifaq salmasına imkan verməməliyik.

Birincisi, müharibənin gedişini silahlar həll etmir. Əsas həlledici qüvvə döyüşən insanlardır. İkincisi, İran köhnəlmiş və ya xırda dəyişikliklər edilmiş ABŞ və sovet silahları ilə bizə güc göstərməyə çalışır. Bunlara qarşı bizim daha dəqiq, şiddətli cavab verə biləcək müasir silahlarımız var". 

Abuzər Əbilov əlavə edib ki, Azərbaycan güclü dövlətdir. Onun fikrincə, İran bizi hansısa ballistik raketlə, tank-topla qorxudacağını düşünürsə, çox yanılır:

"Azərbaycanın güclü ordusu, qorxmaz Ali Baş Komandanı, onların arxasında dayanan xalqı var. Bu güc nümayişi ilə İran sadəcə bütün dünyanı özünə güldürür. Yəqin ki, bunu canub qonuşumuzda ağlı başında olan hər kəs başa düşür. Bu baxımdan, İranın hansısa müharibə yoluna əl atacağını düşünmürəm. İranın hazırki iqtisadi durumu, dünyadan təcrid edilməsi və daxili problemləri buna imkan vermir. Bu, onlar üçün ölüm hökmünə bərabərdir. Lakin ağılsızlıq edib bu yolu seçərlərsə, görəcəkləri var. Azərbaycan Ordusu, xalqımız heç vaxt İranın qarşısından qaçmaz. Unutmasınlar ki, Xudafərin körpüsünün əks tərəfində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsidəki qələbəsindən ruhlanan 40 milyona yaxın soydaşımız var". 

Oral Mədənçi / Redaktor.az