"Məktəblərdə siniflər iki yerə bölünməlidir" - Tanınmış həkimdən TƏKLİF

 09:41 25.09.2021     2004

Azərbaycanda orta məktəblərin ibtidai siniflərində əyani tədris bərpa olunduqdan sonra ilk koronavirusa yoluxma halları baş verib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dünənki açıqlamasında yüksək temperaturu olan müəllim və şagirdlərin olduğu, 6 şagirdin isə sinifdən çıxarıldığı bildirilir. Bu xəbər isə valideynlər arasında narahatlığa səbəb olub. Qeyd edək ki, yuxarı siniflər və ali məktəblərdə tədris sentyabrın 29-dan bərpa olunacaq.

Bəs görəsən, əyani tədris forması yoluxma hallarını yenidən artıra bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sullarını həkim-radioloq Aydın Əliyev cavablandırıb. Həkim bildirib ki, yoluxma sayının artma ehtimalı hər zaman var:

“Bu ehtimala görə biz təhsili arxa plana ata bilmərik. Hələlik vəziyyət nəzarət altındadır. Bir həkim olaraq əyani tədris formasına etiraz etmirəm. Sentyabr ayının 29-da yuxarı siniflər üçün də əyani tədris bərpa olunur. Əgər həmin vaxtdan sonra yoluxma kəskin şəkildə artarsa, müəyyən tədbirlər görülə bilər. Hələlik buna ehtiyac yoxdur”.

Ekspert bildirib ki, indiki halda yoluxma təhlükəli həddə deyil: 

“Bir sinifdə yoluxma təhülkəsinin minimuma endirilməsi üçün sinif iki yerə bölünməlidir. Sinifin bölünməsi üçün müəllimlərin sayı iki dəfə artmalıdır. Bu da əlavə resurs tələb edir. Hələlik yoluxma təhlükəli həddə deyil. Ona görə də bu barədə danışmaq və narahat olmaq tezdir”.

Şəbnəm Mehdizadə