DİN-dən polislərin addımına REAKSİYA

 11:04 25.09.2021     1155

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Redaktor.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polislər vətəndaşı döyməyiblər:

“Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videogörüntüdə polis əməkdaşlarının sürücünü məkətbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.

Bakı şəhər Yol Polisi İdarəsi də saxlanılarkən başını divara vuran şəxslə bağlı məsələyə aydınlıq gətirib.

İdarənin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs bundan öncə də bir neçə dəfə Yasamal rayonunda yerləşən 60 nömrəli məktəbin qarşısında “Opel” markalı avtomobilini yolun 3-cü zolağında saxlayaraq hərəkətə mane olub:

“Vətəndaşların ərazidə xidmət aparan yol polisi əməkdaşlarına müraciəti əsasında vətəndaşa bununla bağlı bir neçə dəfə xəbərdarlıq olunub. Sonuncu belə hadisə baş verərkən sürücü barəsində inzibati protokol tərtib edilib. Bu zaman həmin şəxs yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına başını vuraraq polislərin onu döyməsi görüntüsünü yaratmağa çalışıb. Sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib. O saxlanılaraq polis bölməsinə aparılıb, barəsində araşdırma davam etdirilir”. 

V.Əsədov qeyd edib ki, hadisə zamanı həmin şəxsin uşaqları orada olmayıb: “Sadəcə ərazi məktəbin qarşısı olduğu üçün digər şagirdlər videoya düşüblər”.