"İranla Azərbaycan arasında gərginlik yaratmaq düşmənlərin arzusudur" - Deputat

 12:50 25.09.2021     720

İranla qonşu ölkələr, o cümlədən Azərbaycan arasında münasibətlərdə gərginlik yaratmaq düşmənlərin arzusudur.

Redaktor.az xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin deputatı və Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, qonşu ölkələrlə münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin prioritetlərindəndir: “Gərginlik yaradan hər hansı davranış və ya mövqe düşmənlərin məqsədidir" (trend).

Qeyd edək ki, İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı. Eyni zamanda, məsələ ilə bağlı sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bununla bağlı Azərbaycanın Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində polis postu qoyulub. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.