“Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Türk hərb və güvənlik uzmanı, Bağçaşəhir Universitetində müəllim Abdullah Ağarla görüşüb.
Redaktor.az xəbər verir ki, Q.Paşayeva, qardaş Türkiyənin tanınmış araşdırmaçı-yazarı, hərb və güvənlik uzmanı A.Ağarın 44 günlük Azərbaycan Vətən müharibəsi vaxtı, eləcə də, postmüharibə dövründə verdiyi mənəvi dəstəyi, informasiya dəstəyini minnətdarlıqla qeyd edib: “Siz həmişə Azərbaycanla, ümumən türk ölkə və topluluqları ilə qardaşlıq bağlarının daha da möhkəmlənməsinə çalışmış, bu sahədə öz töhfələrinizi vermisiz.
Bir daha Sizə təşəkkürlərimi yetirirəm. Xahiş edirəm, bizim salamlarımızı ailənizə, doğmalarınıza, kollektivinizə və gözəl ölkənizə çatdırasız”!
Görüşdə qardaş ölkələrimiz arasında işbirliyinin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın günbəgün inkişaf etməsindən məmnunluq ifadə olunub.
Görüşdə bu il imzalanmış “Şuşa Bəyannaməsi”ndən irəli gələn vəzifələrin yazarların, mədəniyyət xadimlərinin də üzərinə mənəvi məsuliyyət qoyduğu deyilib; humanitar sahədə əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyi, daha böyük işlər üçün potensialın mövcud olduğu vurğulanıb.
Komitə sədri onu da vurğulayıb ki, müəllifi olduğu “Addım-addım Türkiyə” çoxcildliyinin ilk cildi artıq çap prosesindədir: “Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam. “Addım-addım Türkiyə” çoxcildliyinin siz türkiyəli aydınlarımızın da xoşuna gələcəyinə ümid edirəm”.
Görüşdə ASELSAN-ın əməkdaşı Özgür Kürüm iştirak edib.
Qardaş ölkənin aydınları görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.


