"AZGRANATA" MMC-də Anım Günü ilə əlaqədar tədbir keçirildi - FOTO

27 sentyabr - Anım Günü ilə əlaqədar "AZGRANATA" MMC-də tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra "AZGRANATA" MMC-nin İdarə Heyətinin Sədr müavini Nazim Babayev və bir sıra rəhbər şəxslər çıxış edərək 44 gün davam edən İkinci Qarabağ münaribəsində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışıblar.
Bildirilib ki, bu gün Anım Günü milli qürur günü kimi qeyd edilir. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi başa çatdı və ərazi bütövlüyümüz təmin olundu.
Qeyd edilib ki, Azərbaycan tarixinə qızıl hərflərlə düşən Vətən müharibəsində əldə etdiyimiz Qələbə bölgədəki reallıqları dəyişdi və beynəlxalq ədaləti bərqərar etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin rəhbərliyi altında bərpa-quruculuq işləri həyata keçirilir və qısa müddətdə bu ərazilərdə infrastrukturun bərpası istiqamətində çox böyük işlər görülüb.
Sonda şirkət əməkdaşları düşmən tapdağı altında olan torpaqlarımızı öz qanı və canı hesabına işğaldan azad edərək xalqa böyük Qələbə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.