Sahibə Qafarova Qazaxıstana getdi - FOTO

 14:39 27.09.2021     371

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstanın Türküstan şəhərinə işgüzar səfərə gedib.

Redaktor.az xəbər verir ki, Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Pavel Kazantsev, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri TürkPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək. Parlamentin spikeri Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir.

Tədbirdə təşkilata üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq, KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

2