Prezident və Birinci xanımın şəkillərini tutduğu şəhidlər kimlərdir? - FOTO

 15:29 27.09.2021     676

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

Trend-in məlumatına görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini “Vətən müharibəsi qəhrəmanı” adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edib.

Birinci vitse-prezident Mehriban Əliyevanın əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz Narin Teymur qızı Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub. Nazirlər Kabinetinin qərarına əsasən Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

(trend).