Ermənilər yenə Xudavəngə APARILDI

 22:15 27.09.2021     1928

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir".

Redakror.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sentyabrın 27-nə olan fəaliyyəti ilə bağlı məlumat bülletenində deyilir.

Məlumata görə, iyirmi yeddi müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

Bildirilib ki, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edir: "183 erməni zəvvar Amaras (Xocavənd - red.), Gəncəsər və Xudavəng (hər ikisi Kəlbəcər ərazisində yerləşir - red.) monastırlarına müşayiət edilib. Rus sülhməramlıları Əsgəran, Şuşa və Ağdərə rayonlarında üç marşrut üzrə patrul xidməti aparıblar".

Açıqlamada Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qruplarının obyektləri və əraziləri minalardan çıxarmağa davam etdikləri də qeyd olunub:

"23 noyabr 2020 -ci ildən bu yana 2298,5 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 26 032 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".

Sonda bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq,səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Turan ASLAN