ADU-nun Konfutsi İnstitutunda Çinin milli bayramı qeyd olundu

 14:52 28.09.2021     980

Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu Çin Xalq Respublikasının  yaradılmasının 72-ci ildönümünə həsr olunmuş  “Şanlı 72 il” adlı seminar keçirib.
 
Redaktor.az xəbər
verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru RafiqAbbasov Çinin 72 il ərzində keçdiyi inkişaf yolundan danışaraq, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. Gələn il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan  R.Abbasov ötən müddət ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Çin ilə əlaqələrin inkişaf etdirilməsi üçün böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Çin və Azərbaycanın dövlət rəhbərləri arasında mehriban münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır.
 
R.Abbasov diplomatik münasibətlərin qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələrinin qarşılıqlı inam və hörmət əsasında inkişaf etdiyini də diqqətə çatdırıb. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə və 2019-cu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfərini xatırladaraq qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfələr verib.
 
Onu da vurğulayıb ki, Azərbaycan Respublikası Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malikdir. Ölkəmizin geniş infrastruktur imkanları və zəngin neft və qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur.
 
R.Abbasov son olaraq  Azərbaycanın  İpək Yolunun bərpası istiqamətində də ciddi investisiyalar yatırdığını, nəqliyyat infrastrukturunun modernləşməsini həyata keçirdiyini bildirib. Ticarətin asanlaşması, regiondaxili və transregional infrastrukturun koordinasiyasına gətirib çıxaran effektiv çoxmodullu nəqliyyat dəhlizlərinin yaradılması, şübhəsiz ki, Azərbaycan-Çin əlaqələrinin inkişafına və Avrasiya məkanında davamlı inkişafın sürətlənməsində öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu  və  siyasi əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyi bildirib. O, yüksək siyasi münasibətlərin iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında fəal əməkdaşlığın formalaşmasına münbit şərait yaratdığını qeyd edib. N.Qocayeva bildirib ki, YAP və ÇKP arasında artıq 23 ildir ki, səmimi dostluq, etibarlı tərəfdaşlıq əməkdaşlıq əlaqələri movcuddur. Bu illər ərzində iki partiya arasında sıx təmasların qurulduğunu, qarşılıqlı səfərlərin həyata keçirildiyini, təcrübə mübadiləsi aparıldığını da qeyd edib. ÇKP öz sıralarında 90 milyona yaxın çinlini birləşdirdiyini, ciddi intizam və dəyərlər üzərində ölkəyə rəhbərlik etdiyinidə bildirib. Əsas məramı isə daim islahat, inkişaf və rəqabət olduğunuda seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda Konfutsi İnstitutunun təşəbbüsü ilə Çin Xalq Respublikasının yaranmasına həsr olunmuş  İnşa müsabiqəsinin qaliblərinə  hədiyyələr qədim olunub.  Eyni zamanda Çin dili və mədəniyyətinin   ölkəmizdəki inkişafına həsr olunmuş Konfutsi İnstitutunun “YAY MƏKTƏBİ” layihəsinin iştirakçılarına diplomları təqdim olunub.