Millət vəkili şəhid ailələrini ziyarət etdi - FOTO

 21:43 28.09.2021     290

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin sədri, “Nərgiz” klinikasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə 44 günlük Vətən Müharibəsinin Tovuz rayonunun Əlibəyli kəndində olan şəhidləri – əsgər Sərxan Həsənovun və kiçik çavuş Anar Hüseynovun ailəsini ziyarət edib.

Şəhidlərin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailələrin qayğıları ilə maraqlanıb, “şəhid hərbçilərimizin əziz ruhları qarşısında ehtiramla baş əyirik” deyib.

Şəhidlərin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Sərxan və Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar hər iki şəhidimizin haqqında da yazıların olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyələrini şəhilərin ailə üzvlərinə təqdim edib.

Görüşlərdə Tovuz rayonunda fəaliyyət göstərən şəhid ailəsi, müharibə veteranları təşkilatlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, əsgər Sərxan Həsənov (08.03.1999, Əlibəyli, Tovuz – 27.09.2020, Füzuli rayonu) 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Əsgər Sərxan Habil oğlu Həsənov döyüşlərin ilk günü – 2020-ci il sentyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Sərxan Həsənov Azərbaycan Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Kiçik çavuş Anar Hüseyn oğlu Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz – 28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Anar Hüseynov Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Anar Hüseynov həmçinin, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib (25.12.2020).

Hər iki şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub.

Ruhları şad olsun!

22222222