Sahibə Qafarova Nur-Sultana getdi - FOTO

 12:07 29.09.2021     835

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.

Redaktor.az xəbər verir ki, Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım Bailam Kesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstandakı səfirliyini ziyarət edərək səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Milli Məclisin sədri Sahibə Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 Sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Milli Məclisin sədrini səfirliyin fəaliyyəti ilə tanış edib.

Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək oradakı eksponatlarla tanış olub. Azərbaycan parlamentinin rəhbəri muzeyin xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.

Sonra nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətinin üzvləri bu təhsil kompleksində professor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olub, onlara universitet haqqında geniş məlumat verilib.

22