Odessada Vətən müharibəsi şəhidləri anıldı

 22:09 29.09.2021     186

Odessa vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun “Birlik” təşkilatı 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirib.

Azərbaycan Evində təşkil olunan anım mərasimində Türkiyənin Odessadakı Baş konsulu Birey Yılmazsoy, Vətən müharibəsinin qaziləri və “Birlik” təşkilatının idarə heyətinin üzvləri iştirak ediblər. Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə “Birlik” təşkilatının idarə heyətinin sədri Rövşən Quliyev, idarə heyətinin üzvü Fazil Əsgərov, Baş konsul Birey Yılmazsoy çıxış ediblər. Bildirilib ki, xalqımız, dünya azərbaycanlıları və Türk Dünyası Qarabağ torpaqlarını erməni işğalından azad edən, parlaq Qələbəmizə öz töhfəsini bəxş edən hər bir şəhidimizin və qazimizin qarşısında baş əyir və minnətdarlığını bildirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı qələbənin tariximizə qızıl hərflərlə həkk olunduğunu vurğulayan natiqlər Türkiyənin ölkəmizə siyasi-mənəvi dəstəyini yüksək qiymətləndiriblər.

Döyüş təəssüratlarından danışan II Qarabağ savaşının qazisi Şahin Kərimov bildirib ki, hər kəndin, qəsəbənin və şəhərin erməni işğalından azad edilməsi Silahlı Qüvvələrimizin hərbçilərində əsl bayram əhval-ruhiyyəsi yaradırdı. “Mənim üçün ən xoşbəxt gün doğma kəndimizin işğaldan azad edildiyi gün idi”, - deyə qazimiz vurğulayıb.

Tədbir Vətən müharibəsinə həsr olunmuş video və fotomaterialların nümayişi ilə başa çatıb.

2