Füzuli aeroportunda tamamlanma işləri aparılır - Deputat açıqladı

 10:24 30.09.2021     758

"Bu ilin may ayında Füzuli Hava Limanının inşaatı ilə tanış olan zaman çoxlarımız üçün sentyabrda limanın artıq təyyarələri qəbul edəcəyi bəlkə də bir arzu kimi görünürdü. Artıq Beynəlxalq hava limanında tamamlanma işləri aparılır".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünün feysbuk hesabında yazıb.

O bildirib ki, cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edildi və artıq uçuşları qəbul edə bilir: "Füzuli Aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrinin daha genişləndirilməsinə imkan verəcək.

Bu, Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək".