Qənirə Paşayeva şəhid ailələrini ziyarət edib - FOTO

 13:07 30.09.2021     292

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klinikasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova Şəhidləri Anma Günündə Tovuz rayonunun Abulbəyli kəndində olub, Vətən Müharibəsinin şəhidi, baş leytenant Emin Pünhan oğlu Mahmudov (01.06.1994, Abulbəyli, Tovuz - 11.10.2020, Xocavənd), Aqil Aydın oğlu Məcidov (03.04.1998, Tovuz – 28.09.2020, Füzuli rayonu) və əsgər Röyal Elzar oğlu Aslanovun (17.05.2001, Abulbəyli, Tovuz – 30.09. 2020, Füzuli) ailələrini ziyarət edib.

Şəhidlərin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailələrin qayğıları ilə maraqlanıb, “şəhid oğlunuzun əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik” deyib.

Şəhidlərin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, qəhrəman hərbçilərimizin canı-qanı bahasına qazanılmış Qələbəmizdən danışıb, bu tarixi Qələbənin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun bütün mənsublarının vətəncanlılığının parlaq örnəyi olduğunu vurğulayıb. Onlar, “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyələrini şəhidlərin ailələrinə təqdim edib.

Qeyd edək ki, şəhid baş leytenant Emin Mahmudov 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. O, 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmət edirdi.

Emin Mahmudov Hadrut döyüşləri zamanı şəhid olub.

Baş leytenant E.P.Mahmudov “Vətən uğrunda” (15.12.2020), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” (26.06.2013), “Azərbaycan Ordusu-100” (26.06.2018) medalları ilə təltif olunub.

Şəhid leytenant Aqil Məcidov 2016-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Aqil Məcidov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmət edirdi.

Leytenant Aqil Məcidov Füzuli döyüşləri zamanı şəhid olub.

A.A.Məcidov “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) medalları ilə təltif edilib.

Şəhid əsgər Röyal Aslanov – 2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib.

Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Boks üzrə müxtəlif yarışlara qatılıb, fəxri yerlər tutub.

Röyal Aslanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb; o, Vətən Müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri Röyal Aslanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə sentyabrın 29-da şəhid olub.

Şəhid Röyal Aslanov “Vətən uğrunda” (15.12.2020) və “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Ruhları şad olsun!

222222