Azərbaycanda karantin rejimi YUMŞALDILDI

 00:01 01.10.2021     499

Bu gündən Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv olunur.

Redaktor.az
xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.

Qərara əsasən, oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Əlavə olaraq, oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:

- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında COVID-19-a qarşı birinci doza və ya immunitet sertifikatı tələb olunur. COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə ("Check App") vasitəsi ilə həyata keçiriləcək.