"Hansı dövlət qurumu bir il içində neçə şəhid ailəsini işlə təmin edib?" - Millət vəkili

 23:27 30.09.2021     478

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin payız sessiyasının bugünkü ilk iclasında, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib.

Redaktor.az xəbər verir ki, müzakirə olunan qanun layihəsi üzrə vacib məsələlərə toxunan Qənirə Paşayeva şəhid ailələri ilə görüşlərdə qaldırılan problemlərə vurğu edib:

“Təbii ki, biz bu layihəyə səs verəcəyik, lakin bir sıra təkliflərimiz də var. Şəhid ailələri üzvlərinin peşə təhsili, ixtisas artırması və ya təkmilləşdirilməsi ilə bağlı nəzərdə tutulanlar çox yaxşıdır. Bununla belə, özümüzə hesabat verməliyik, ümumən bu işdə hesabatlılıq olmalıdır: hansı dövlət qurumu bir il içində neçə şəhid ailəsini işlə təmin edib? Elə başlayaq, İcra hakimiyyətlərindən. Məsələn, mən öz seçki bölgəmdə görüşlərdən yeni gəlirəm, təsəvvür edin, ailənin bir əmək qabiliyyətli üzvü var, ali təhsillidir, o da işsizdir və bir ilə yaxındır iş tapa bilmir. Mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı və s. sahələrdə vakant yerlər çoxdur. Belə yerlərə əməkdaş cəlb edilərkən, şəhid ailəsi üzvlərinə, qazilərə üstünlük verilməsi vacibdir".

Komitə sədri sosial iş məsələsinə də toxunub.

"Dövlət bu iş yerlərini aztəminatlı ailələr üçün nəzərdə tutub, sosial işçilərin ilk növbədə şəhid ailələrindən, qazilərdən seçilməsi daha yaxşı olardı. Və sosial işçilər ilk növbədə öz yaşadıqları kənddə, qəsəbədə - yaxın yerlərdə çalışmalıdır ki, onlara verilən cüzi maaş nəqliyyat xərclərinə sərf olunmasın.

Hörmətli sədr, bəlkə də, çoxu bilmir, siz belə mövzulara çox həssas yanaşırsız, Milli Məclis strukturunda məhz şəhid ailəsi üzvlərinə, qazilərə üstünlük verilməsini tapşırmısınız.

Üstəlik, biz burdan özəl sektora da müraciət edirik. Gərək özəl sektor da bu sahəyə xüsusi diqqət yetirsin. Cənab Prezident öz çıxışlarında bu barədə öz tövsiyyələrini verib.

İkinci bir məsələ, şəhid övladlarının orta məktəblərdə təhsili ilə bağlıdır. Bəlli olduğu kimi, şəhidlərimizin çoxunun övladı orta məktəb yaşındadır və arzu olunur ki, onlar yaxşı məktəblərdə oxusunlar – açıq deyək, yaxşı təhsil verən məktəb dedikdə, bir çox hallarda özəl məktəblər nəzərdə tutulur. Belə məktəblərdə isə təhsil ödənişlidir. Şəhid övladlarının yaxşı təhsil alması, şəhidlərin həyat yoldaşları üçün də, övladların özlərinin gələcəkdə cəmiyyətdə yaxşı mövqe tutması üçün də çox önəmlidir.

Xahiş edərdik, bu məsələ də diqqət mərkəzində olsun”, - deyə Qənirə Paşayeva bildirib.