"Prezident öz müsahibələri ilə də tarix yazır" - Qənirə Paşayeva

 22:19 02.10.2021     855

Azərbaycanın dövlət başçısı qardaş Türkiyənin “Anadolu” Agentliyinə və Fransanın “France-24” kanalına müsahibə verib. Müsahibə 2020-ci ildə baş vermiş 44 günlük müharibənin birinci ildönümünə təvafüq edib.

Prezidentin müharibənin başlanmasının ildönümündə, əziz şəhidlərimizin Anım Günündə xalqa müraciəti hər iki müsahibədə əsas yer tutub. Xalqa müraciətdə 44 günlük müharibənin başlanma səbəbləri, gedişatı, tarixi zəfərimiz, postmüharibə dönəmi, normallaşma prosesi və s. barədə fikirlərini bölüşən Prezidentin müsahibələri də həqiqətlərimizi təbliğ və tərənnüm edir. Özəlliklə, erməni vandallığının acı nəticələri, habelə revanş cəhdləri fonunda Azərbaycan dövlətinin mövqeyi, xəbərdarlığı dünya ictimaiyyətinə bir daha çatdırılmış oldu. Müharibə dövründə ən azı iki cəbhədə (hərbi və siyasi-diplomatik müstəvidə) mübarizəyə şəxsən rəhbərlik edən ölkə başçısı, postmüharibə dövründə mötəbər tribunalardakı çıxışları, mühüm müsahibələri ilə də tarix yazır. Bilirsiz, biz uzun illər boyu beynəlxalq informasiya zirehi ilə üz-üzə qalmışıq – dünya erməniliyinin minbir fəndini, maneçiliyini görmüşük. Ermənistana davamlı dəstək verən məlum dövlətlərdən başqa erməni yalanlarına uyan çoxsaylı insanın, qurum-quruluşların olması, bizim beynəlxalq informasiya sava­şında ermənilərə uduzmağımızla sıx bağlı olub. Bunun da bir sıra obyektiv, subyektiv səbəbləri vardı, əlbəttə. Bu səbəb ilk növbədə, ermənilərin uzun illərə dayalı bədniyyətli təşkilatlanması ilə bağlıdır. İkincisi, bizim bədniyyətli olmamağımız və heç zaman da bədniyyətli olmayacağımızla əlaqəlidir. Biz xoşgörülü, xarakterli xalqıq. Uğursuz dövlətin bir-birini əvəz edən bədxah hərbi-siyasi rəhbərliyi, mayası bədxahlıqla yoğrulmuş dünya erməniliyi ədalət, haqq-hüquq tanımadığı və bizi hazırlıqsız yaxaladığı üçün dəfələrlə haqlıykən “haqsız” duruma düşmüşük. Torpağı işğal olunan, soyqırıma məruz qalan bizkən, məsələn, ABŞ-ın Azadlığı Müdafiə Aktına 907-ci bədnam düzəliş qəbul edilmişdir. – Ermənistan ABŞ-dan uzun illər milyonlarla dollar həcmində davamlı yardım alarkən, biz sanksiya üzləşmişik. Ermənistanın vandallıqlarını, dağıdılan ibadət ocaqlarını, qəbris­tanlıqları görməyənlər, müharibə dövründə bir kilsədən bir kərpic düşüncə, bizi qınamaq yolu tutmuşdular... Bizim əsir və girov­larımıza münasibətdə (mənəvi cəhətdən) kar, kor və lal olanlar, erməni diversantlarının, terrorçuların azad olunamsını istəyir və s.

Belə misalların sayını yetərincə çoxaltmaq olar; bax, belə bir fonda Azərbaycan Prezidentinin nüfuzlu xarici KİV-lərə müharibə dövrü verdiyi ardıcıl müsahibələr beynəlxalq ictimai fikrin düzgün qidalanması üçün çox təsirli oldu. Belə qalıcı təsirlərin bir zəmini də dövlətin, şəxsən dövlət başçısının, Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanımın illər uzunu həyata keçirdiyi layihələr, tədbirlərlə düzgün beynəlxalq rəy yaratmaq gücünə əsaslanır. Bu işin başqa bir zəmini isə əlbəttə, bizim haqlı tərəf olmağı­mızdır. Prezidentin müharibənin başlanmasının birinci ildönü­mündə verdiyi müsahibələri məhz bu deyilənlər, vurğulananlar fonunda dəyərləndirmək istərdim. Məsələ onadır ki, haqlı olmaq hələ yetərli deyil. Haqlılığını göstərmək, təsdiq etdirmək lazım olur. Bir güclünün və ya güclüyə arxalananların “haqlı” olduğunu çox gördüyümüz üçün dəqiq bilirik ki, haqlı olmaq yetərli deyil, güclü olmalıyıq. Biz artıq qalib ölkəyik, yeni reallıqlar yaratmışıq – qalibiyyəti də qəbul etdirməyə yetərli siyasi-diplomatik qüdrət olmalıdır. Çox şükürlər olsun, məhz bu güc, qüdrətə malik olmağımız bizim beynəlxalq səviyyədə etiraflar əldə etməyimizlə nəticələnir.

Bilirsiz, hər ölkənin rəhbəri xarici KİV-lərə müsahibə verə bilər – ancaq gərək deməyə sözün, əsaslandırmağa məharətin və əsaslanmağa haqlı mövqeyin ola. Gərək mənəvi gücün hərbi gücünlə də tamamlana. Prezident İlham Əliyevin müharibənin başlanmasının birinci ildönümündəki müsahibələrini, o cümlədən BMT-nin 76-cı sessiyasına video-müraciətini, Anım Günü ilə bağlı xalqa müraciətini məhz bu dərəcədə görürük, qürur duyuruq.

Prezidentin başdan-başa hadisə fikirlərlə zəngin olan yeni müsahibələrində 44 günlük müharibənin başlanmasının birinci ildönümündə Ermənistanın öz işğalçı siyasətindən tam əl çəkmədiyi, uğursuz revanişst cəhdlərdə bulunduğu tutarlı şəkildə vurğulandı. Ermənistanın üç onillik boyu Azərbaycan torpaqlarını işğal altında saxlamasına baxmayaraq, ötən il yeni savaşa başlamasının, eləcə də, bir il sonrakı revanişzm cəhdləri araşdırılmalıdır. Araşdırılmalıdır ki, bunun əsl səbəbləri nədir? Prezident ötən ilki xəbərdarlıqlardan ağıllı nəticə çıxarmayan Ermənistana yeni xəbərdarlıq etdi: “Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”.

Prezident haqlı olaraq qeyd edir ki, ötən ilki müharibəyə gətirib çıxaran səbəblər sırasında ilk yerlərdə, mövzunun hüquq müstəvisində həll olunmaması, ikili standartlar və beynəlxalq riyakarlıqlar durur. Heç kəsə sirr deyil ki, beynəlxalq vasitəçilər müharibənin, insan faciələrinin qarşısını ala bilərdi. – Əlbəttə, istəkli olasaydılar. Belə olmadı. ATƏT-in Minsk qrupu nəinkli işğalçıya təzyiq göstərdi, tam tərsinə, işğala məruz qalan tərəflə işğalçını eyni dərəcədə gördü, “dondurmaq”, “reallıqla barışmaq”, “qarşılıqlı güzəşt” xətti tutdu və müharibənin qacınılmaz olması üçün hər şeyi etmiş oldu. Qarşılıqlı güzəşt necə olur? – işğala məruz qalan tərəf işğalçı ilə bir masa ətrafında otururdusa, bu elə güzəşt idi. İşğala məruz qalan tərəf məsələnin məhz danışıqlar yolu ilə həllinə sadiq qalırdısa bu elə güzəştin ən böyüyü idi. Belə danışıqlar nə az-nə çox 30 ilə yaxın çəkdi. Bu illər içində, özəlliklə döyüşlər dayanıb, atəşkəs elan edildikdən sonra Ermənistan Qarabağda söküntülərə, dağıntılara başladı, torpağın altını üstünə çevirdi, erməniləşdirmə, özgələşdirmə siyasətini praktik müstəviyə keçirdi. – Güzəşt tələb edənlər, erməniyə “Dur!” dedimi, sanksiya tətbiq etdimi? Əsla, yox! Bunlar azmış kimi, 2020-ci ilin iyulunda Tovuzda dövlət sərhəddini pozan, avqustda Goranboya kəşfiyyat-diversiya qrupu göndərən, sentyabrda isə işğal altındakı torpaqlarımızdan yeni hərbi təxribat törədən düşmənlə müharibədən başqa danışıq dili, üslubu qalmışdımı? Nəhayət, bir qəti əks-hücum əmri oldu və 44 gün içində işğalçıya ağır dərs verildi! Bu dərs, bizim uzun illər boyu danışıqlar masasında oturmağımızın dəyərini yaxşı ifadə edir. Hər kəs görsün ki, hansı gücün sahibi olan ölkə, uzun illər məhz sülh danışıqlarında iştirak edib!

İndi beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir – bu daha öncələr olmalıydı, olmayıb, heç olmazsa, indi olmalıdır. Olmalıdır ki, başqa dövlətlər gələcəkdə Ermənistanın vandallıqlarını təkrar etməsin! Ermənistanın müharibə cinayətləri ortadadır: dağıdılmış şəhərlər, yer üzündən silinmiş maddi mədəniyyət abidələri, kütləvi qətllər, qanunsuz mənimsəmələr və s.

Bölgənin, Qafqazların sürətli inkişafı üçün dayanaqlı sülh əsas şərtdir. Sülhün təmini üçün ilk növbədə Ermənistan-Azərbaycan, bununla birgə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması qacınılmaz gerçəklikdir. Qardaş Türkiyənin təklif etdiyi 3+3 platforması sülh təminatı, bölgənin rifahı üçün alternativlərin ən yaxşısıdır. Ermənistan buna razılıq verməməklə, öz gələcəyini baltalayır. Azərbaycan, Rusiya, İran belə bir platformanı dəstəklədiyi halda, cırtdan Ermənistanın “dirəniş”i çox məzmunsuz, məntiqsiz görünür.

“Status-kvo” ilə bağlı illər uzunu manipulyasiyalar etmiş və yenidən dirilmək istəyən Minsk qrupu, zəhmət çəksin vasitəçilik missiyasına uyğun gəlməyən hərəkətlərdən, arayışlardan qəti əl çəksin! Bu əl çəkiş özünü ədalətli yanaşmada göstərə bilər: “İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur”...

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri