Millət vəkili tələbə adı qazanmış Tovuzlu gənclərlə görüşdü - FOTO

 13:23 04.10.2021     581

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu il tələbə adı qazanmış Tovuzlu gənclərlə görüşüb.

Redaktor.az xəbər verir ki, deputat ali məktəbə daxil olaraq müəllimlərin, valideynlərin ümidini doğrultmuş gəncləri tələbə adı qazanmaları münasibəti ilə ürəkdən təbrik edib, ali təhsildə uğurlar arzulayıb.

“Siz tələbə adı qazanmış gənclərimiz dilimizi, tarix və ədəbiyyatımızı daha dərindən bilmək üçün çalışmalısız. Tələbəlik illəri başa çatınca heyifslənməmək üçün vaxtınızı gərəksiz əyləncələrə, teleseriallara, şou proqramlarına deyil, daha çox kitaba, kitabxanaya, yeni bilgilər əldə etməyə, öz ixtisasınızı yaxşı öyrənməyə həsr edin. Öz fiziki və mənəvi sağlamlığınıza diqqət edin.

Mən hər dəfə tələbə adı qazananlar sırasında qızlarımızın sayına diqqət edirəm. Çox şadam ki, qızlarımız bu il də ali məktəblərə yüksək balla daxil olanlar arasında önəmli yer tutur. Zəngin təhsil ənənələri olan Tovuz bu yöndə də gözəl örnək təşkil edir. Cəmiyyətin savadlı olması, gənclərin kitaba, məktəbə, təhsilə yüksək maraq və məsuliyyətlə böyüməsi savadlı analardan çox asılıdır. Bu anlamda, biz qızlarımızın təhsilinə böyük önəm verməliyik”. – Q.Paşayeva vurğulayıb.

Q.Paşayeva tələbə adını qazanmış gənclərə Qarabağ motivli hədiyyələr və kitablar təqdim edib: “Sizin ən böyük hədiyyəniz qalib ölkənin gəncləri olaraq tələbə adı qazanmağınızdır. Sizlər də yaxşı təhsil alıb, ixtisaslara yiyələnib, ölkəmizə xidmət edəcəksiz. Bir daha uğurlar diləyirəm”!

22