Hava nə vaxt düzələcək? - AÇIQLAMA

 20:12 04.10.2021     930

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə 1-4 oktyabr tarixlərində Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb.

Xidmətdən Redaktor.az-a verilən məlumata görə, qurumun əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5, azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olub.

Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb.

G.Abbasova əlavə edib ki, 1-4 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub. 7 oktyabr tarixinədək yağıntılı və küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir.