Ali Baş Komandan Cəbrayıl əməliyyatından danışdı

 12:28 05.10.2021     3206

"Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur".

Redaktor.az xəbər verir ki, bunu Ali Baş Komandan, Prezident İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olarkən deyib.

"Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.

Yəni bir neçə gün bizə lazım oldu ki, strateji əhəmiyyət daşıyan o kəndləri azad edək və ondan sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Deyə bilərəm ki, Zəngilan şəhərini Ermənistan ordusu demək olar ki, az müdafiə edirdi. Artıq onların gözlərini qorxu o qədər tutmuşdu ki, onlar silahları yerə qoyub qaçırdılar. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik", - deyə dövlət başçısı bildirib.