"Bəxtəvərik ki, Qarabağımızın azad edilməsinin şahidi olduq"

 21:45 05.10.2021     145

Əməkdar müəllim, BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri Prof.Dr. İradə Hüseynovanın “İLHAM ƏLİYEV və Zəfər tariximizin şanlı səhifələri” monoqrafiyasının ilk onlayn təqdimatı keçirilib. Konfrans “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, “Regional Hüquqi və iqtisadi Maarifləndirmə” İctimai Birliyi, “NƏFƏS” İctimai Birliyi və ADPU Quba filialının təşkilatçılığı ilə baş tutub.

Redaktor.az xəbər verir ki, konfransın aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı təqdimatın 4 oktyabr saat 16.00-da keçirilməsini 44 günlük müharibədə azad olunmuş ilk şəhərimiz – Cəbrayıl şəhərinin düşmən tapdağından qurtuluşu günü ilə təvafüqlük təşkil etdiyini vurğulayıb. O, Vətən Müharibəsinin başlanmasının birinci ildönümü ərəfəsində gün üzü görən kitabın öz mövzusuna, janrına görə ilk qiymətli əsərlərdən biri olduğunu söyləyib, kitab haqqında ilkin məlumatlar verib: ““İLHAM ƏLİYEV və Zəfər tariximizin şanlı səhifələri” kitabı tarixçi-alimlər, konfliktoloqlar, beynəlxalq münasibətlər və müxtəlif sahələrdə işləyən araşdırmaçılar, tələbələr, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub”.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva müəllifi belə bir mövzuya müraciət etdiyi və müraciət etdiyi mövzunun məsuliyyətinə, şərəfinə uyğun əsər yazdığı üçün təbrik edib, ürək sözlərini bölüşüb: “Əlbəttə, biz bir daha şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz ruhları qarşısıdna baş əyirik, yaralı qazilərimizə şəfa, bütün müharibə iştirakçılarımıza möhkəm can sağlığı diləyirik! Bu kitab müharibənin birinci ildönümü və Şəhidləri Anım günü ərəfəsində çıxıb və Cəbrayıl şəhərinin azad olunduğu gün ilk təqdimatı keçirilir. Biz tarixi Zəfərə imza atmışıq. Biz Ali Baş Komandanımız başda olmaqla Müzəffər Ordumuzun fədakarlığını heç zaman unutmayacağıq. Kitabda da haqlı olaraq vurğulandığı kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev və onun kamil rəhbərliyi ilə qazanılmış Zəfər Azərbaycan tarixində xüsusi yerə, bugünümüz və gələcəyimiz baxımından fövqəladə rola malikdir. Biz bəxtəvərik ki, bu şanlı hadisənin – Qarabağımızın Ermənistanın işğalından azad edilməsinin, 30 ilə yaxın davam edən vandallıqlara, barbarlıqlara son qoyulmasının, dövlət-xalq birliyinin şahidləri olduq.

İndi Qarabağa mədəniyyət qayıdır; indi Qarabağa azadlıq günəşi doğub və zülməti qovub; indi quruculuq-abadlıq işləri başlayıb; Qarabağ yenidən cənnətə dönür.

Bəli, “İLHAM ƏLİYEV və Zəfər tariximizin şanlı səhifələri” kitabı öz mövzusuna görə ilk sanballı nəşrlərdəndir. Mən kitabın müəllifi – BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə xanım Hüseynovanı bu yeni elmi nailiyyəti münasibəti ilə təbrik edərkən, nəşrin elmi redaktoru, tarix elmləri doktoru Qasım Hacıyevi, rəyçilər – tarix elmləri doktoru şikar Qasımovu, tarix elmləri doktoru Həcər Verdiyevanı da salamlayır, onları da təbrik edirəm. Əsərin ilk oxucuları onlar olub, onlar öz məsləhətləri, rəyləri ilə kitabın daha da maraqlı olmasına töhfə veriblər.

Geniş oxucu auditoriyasının mühakiməsinə çıxarılan kitab, 44 gün davam edən və Azərbaycanın tarixi Zəfəri ilə başa çatan, milli qürurumuzu özümüzə qaytaran Vətən Müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin mükəmməl rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun əks-hücumu nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən ətraflı bəhs edir. Elm adamlarımızın Vətən Müharibəsinə belə operativ və sanballı müraciəti çox təqdirəlayiq hadisədir”.

Prof.Dr. İradə Hüseynova 27 sentyabr – Anım Günü ərəfəsində oxuculara təqdim edilən kitabının Müzəffər Ali Baş Komandanın çıxışından gətirilən sitatla açıldığını vurğulayıb: ““Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Çünki Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tarixi əks-hücum əməliyyatının başladığı ilk andan hadisələri diqqətdə saxladı, gecə-gündüz cəbhə xətti ilə əlaqə saxladı, ordumuza, komandirlərə bütün gərəkli göstəriş və əmrləri verdi, şanlı Ordumuzu öz ətrafında sıx birləşdirdi.

Bəli, biz tarixçilər, alimlər də, şanlı Zəfərə öz elmi münasibətimizi bildirməliydik. Postmüharibə dövründə olsaq da, müharibənin səbəbləri, müharibənin gedişatı, 30 illik işğala 44 gün kimi qısa bir müddətdə son qoyulması, əks-hücumdan sonra müdafiə olunmağa çalışan düşmənin daha çox itkilər verməsi və müharibə başa çatsa da hələ də müəyyən revanşist çağırışlar eşitməyimiz alimlərin, araşdırmaçıların mövzuya elmi baxışını zəruri edir. Ordumuz hərb meydanında, diplomatlarımız beynəlxalq danışıqlarda, biz alimlərsə elm cəbhəsində öz sözümüzü deməli, xidmətimizi göstərməliyik. Əgər bu bu vəzifəni yerinə yetirə bilmişiksə, çox xoşbəxtik”.

Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Vətən Müharibəsi, müharibədə tarixi Qələbə və Qələbənin qazanılmasında Prezident İlham Əliyevin müstəsna rolunun qardaş ölkələrdə də maraq və məhəbbətlə öyrənildiyinə diqqət çəkib: “Biz İradə xanımın bu əsərinin ingilis və rus dillərinə çevrilməsini təklif edirik. Akademiya olaraq, biz də öz töhfələrimizlə çıxış etməyə hazırıq”.

“Regional və Hüquqi Maarifləndirmə” İB sədri Arzu Bağırova, kitabın rəyçisi Prof.Dr. Şikar Qasımov, “Tərxis olunmuş hərbçilərin Gəncləri maarifləndirmə” İB sədri, “Hərbi And” qəzetinin qurucu-baş redaktoru Emin Həsənli, kitabın elmi redaktoru, tarix elmləri doktoru Qasım Hacıyev, ADPU Quba filialının direktoru Dos.Dr. Yusif Ali Afşar, BDU-nun magistri Nəsrin Abdullayeva kitabın məziyyətləri haqqında fikirlərini bölüşüb.

Çıxışlarda Prof.Dr İradə Hüseynovanın kitabında ermənilərin Qafqazın alloxton əhalisi olduğu, yəni Qafqazlara gəlmə olduqları haqqında mükəmməl təsəvvür yaradıldığı vurğulanıb. Bu fikrin Herodot, Musa Kalankatuqlu, İvan Şopen, İqor Dyakonov, Aleksandr Anninski, erməni müəlliflər Q.Kapantsyan, B.İşxanyan və b. tərəfindən də ifadə edildiyi söylənilib.

Kitabda ermənilərin Güney Qafqazda əsassız ərazi iddiaları və “erməni sindromu”, eləcə də Azərbaycana aid toponimlərin dəyişdirilməsi, hələ XIX yüzilin sonlarından başlayaraq, Doğu Anadolu və Qafqazlarda türk-müsəlman əhalini sıradan çıxarmaq məqsədi ilə terror təşkilatlarının yaradıldığının qeyd olunduğu, XX yüzilin əvvəllərində azərbaycanlıların soyqırımının diqqətə çatdırıldığı bildirilib: “Heç kəsə sirr deyil ki, erməni terrorizminin əsas hədəfi Azərbaycandır və bu bədnam hədəfə çatmaqçün hər cür dəyərin tapdandığına görə, o, mahiyyətcə beynəlxalq terrorizmdir. – Beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələşmiş, başlıca olaraq, türk dövlətlərinə (ilk növbədə, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır.

Dövlət başçımızın müharibə gedişində nüfuzlu xarici media orqanlarına 30-dək müsahibə verdiyini və bu müsahibələrdə 600-dən çox sualı cavablandırdı. Bununla da, beynəlxalq ictimai fikirdə formalaşmış yanlış təsəvvürləri dağıtmağa nail olduq. Kitab müəllifinin qeyd etdiyi kimi, Prezidentin müsahibələrdə verdiyi tutarlı, dəqiq, məntiqi, yeri gələndə yığcam, bəzənsə ətraflı cavablarının hər biri ayrı-ayrılıqda öyrənilməyə, araşdırılmağa layiq cavablardır. Alim qeyd edir həmin müsahibələr vaxtı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb göstərdi, erməni vandallığının ağılalmaz cinayətlərini faktlarla sübut etdi. Prezident Əliyev bəzi xarici müxbirlərin prokurorvari, böhtan xarakterli, qərəzli mövqe nümayiş etdirən dezinformasiya səciyyəli suallarını da güclü məntiq, tutarlı fakt və dəlillərlə cavablandırdı, onları dəmir məntiqli arqumentləri əsasında susdurdu. – Hərb meydanında Dəmir Yumruq, informasiya meydanında dəmir məntiq bizim qələbəmizin rəhni oldu!

Müəllif vurğulayır ki, Ermənistanın törətdiyi dəhşətli cinayətlərə görə haqq etdiyi beynəlxalq hüquqi məsuliyyətin gerçəkləşdirilməsi ilə strategiyası cənab İlham Əliyevin siyasi iradəsi, prinsipiallığı, əzmkarlığı ilə həyata keçiriləcək. Bizim işimiz haqq işidir”

Sonda Prof.Dr. İradə Hüseynova təşkilatçılara, çıxışılara, bütün iştirakçılara təşəkkür edib.

Onlayn təqdimatda BDU-nun və ADPU Quba filialının bir qrup tələbəsi dinləyici olaraq iştirak edib.