Komitə sədri Şimali Makedoniyanın tanınmış professorları ilə görüşdü

 15:56 06.10.2021     118

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektoru, professor Fadil Hoca və həmin universitetin prorektoru Abdülməcid Nurəddinlə Milli Məclisdə görüşüb.

Balkanlardan gələn qonaqlar beynəlxalq konfrans (Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı) çərçivəsində Azərbaycanda olduqlarını, Ağdama da səfər etdiklərini bildirərək, Xocalı, Qarabağ, ümumən Azərbaycan həqiqətlərini həmişə təbliğ etdiklərini bildirib:

"Biz Xocalı Soyqırımını hər il anmışıq; 44 günlük müharibə günlərində ölkəmizin doğru-dürüst informasiya ilə təmin olunmasına çalışmışıq. Biz 5 azərbaycanlı şəhid övladının pulsuz təhsil almasına şərait yaratdığımızı bildirir, bunu Azərbaycanlı qardaşlarımıza təklif edirik. Qeyd edim ki, universitetimiz Avropada türkcə ali təhsil verən yenə təhsil ocağıdır. Türkcə ilə yanaşı makedonca və ingiliscə də təhsil veririk. Ayrıca, Vyanada filialımız fəaliyyət göstərir. Azərbaycan universitetləri ilə əməkdaşlıq bizim öncəliklərimiz sırasındadır".

Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektoru, professor F.Hoca və prorektor A.Nurəddinə təşəkkür edən Q.Paşayeva, onları Azərbaycanda salamlamaqdan şad olduğunu bildirib, dost Quzey Makedoniyada bir neçə dəfə səfərdə olduğunu xatırladıb, təəssüratlarını bölüşüb. Universitet haqqında ətraflı bilgi və nəcib təkliflər üçün təşəkkür edən Komitə sədri, onlara uğurlar arzulayıb.

Q.Paşayeva dost ölkəni təmsil edən alimlərə Qarabağ motivli xatirə hədiyyələri bağlşlayıb. Qonaqlar da universitetlərini simvolizə edən hədiyyəni Q.Paşayevaya təqdim edib. Görüşdə Azərbaycanlı alim - Dos.Dr. Şəlalə Ana Hümmətli iştirak edib.