Qarabağ Dirçəliş Fondu “AZGRANATA” MMC-ni təltif etdi - FOTO

Qarabağ Dirçəliş Fondu (QDF) ilə Azərbaycanın iri sahibkarlıq subyektlərinin rəhbərləri arasında görüş keçirilib.
Redaktor.az xəbər verir ki, görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, QDF-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və sahibkarlar iştirak ediblər.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və sahibkarlar çıxış ediblər. Qeyd edilib ki, mövcud donorlarla əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, sahibkarların həmrəylik göstərərək prosesə cəlb olunması vacibdir.
Görüşdə iştirak edən “AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev də çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən danışıb. O bildirib ki, Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsidir: "2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı “Dəmir yurmuq” adlı əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqları 44 gün müddətində azad edildi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Vətən müharibəsi günlərində xalqımız milli birlik və həmrəylik göstərərək cənab Prezidentin ətrafında sıx birləşdi. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Qələbəmizin qazanılmasında birliyimizin rolu danılmazdır. Artıq ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün prioritet məsələ azad edilmiş ərazilərə yenidən həyatın qayıtması, bu yerlərin yenidən abadlıq, quruculuq ünvanına çevrilməsidir. İndi həmin ərazilərində həyata keçirilən abadlıq-quruculuq işləri fonunda bu yerlərdə ən qabaqcıl tələb və standartlara uyğun infrastruktur sistemi qurulur, müasir yaşayış ünvanları salınır”.
Ş.Mirzəyev “AZGRANATA” MMC-nin fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, şirkət meyvə şirəsi və şərab istehsalı ilə məşğuldur. “AZGRANATA”da hazırda müxtəlif növ meyvə şirələri, kompotları, konsentrat, limonad,üzüm yarpağı, mürəbbə, abqora ilə yanaşı müxtəlif şərablar, viski, konyak, rakı, meyvə araqları və vodka istehsal edilir. Alkoqollu içkilər sahəsində “AZGRANATA” MMC şərabçılıq məhsullarına üstünlük verir. Qeyd edib ki, “AZGRANATA” Qarabağda yetişdirilən xüsusi üzüm sortu Xındoqni sortundan 50 ton qəbul edib və həmin növ üzümdən şərab istehsalına başlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.