Respublika Gənclər Kitabxanası Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatıldı

 13:27 08.10.2021     92

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının 2021-ci il 06 oktyabr tarixində Bakı Ekspo Mərkəzində açılışı olub.

Bir sıra yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin qatıldığı Kitab Sərgi-Yarmarkada Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fondunda olan yüzdən artıq Azərbaycan, rus və digər xarici dillərdə ədəbiyyatlar, müəllifi olduğu “Cəfər Cabbarlı 120” biblioqrafiyası ilə iştirak edib.

Kitab Sərgi-Yarmarkanın ikinci günü kitabxananın stendinin önündə Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirildi. Elmi işlər üzrə direkror müavini Xalidə Musayeva kitabxananın oxucularının Elxan Elatlı yaradıcılığına böyük maraq göstərməsindən, yazdığı kitablara yüksək tələbatdan danışıb.

Yazıçı “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Ən yaxın planet”, “Xəyanət”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Dilənçi qadının sirri” və bir neçə digər kitablarının qələmə alınmasında  maraqlı faktlar, yaradıcılığında dedektiv roman janrına üstünlük təşkil etməsi, əsərlərinin əsas obrazlarının öz təxəyyülünün ədəbi məhsulu olması haqqında məlumat verəndən sonra oxucularının çoxsaylı suallarını cavablandırdı, pərəstişkarlarını yaxın aylarda  çapdan çıxacaq yeni romanı ilə sevindirəcəyini bildirdi.

Kitab Sərgi-Yarmarka 10 oktyabr 2021-ci il tarixədək davam edəcək.


 

22