Qənirə Paşayeva "Murov aslanı"nın xanımı ilə görüşdü

 15:31 08.10.2021     177

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin mayoru,  Vətən müharibəsinin şəhidi İlkin Rzayevin həyat yoldaşı Zeynəb Rzayeva ilə Milli Məclisdə görüşüb. 

Redaktor.az xəbər verir ki, komitə sədri Vətən müharibəsinin birinci ildönümü və tarixi Zəfərimizin ildönümü ərəfəsində şəhid xanımı ilə görüşün onunçün xüsusilə dəyərli və anlamlı olduğunu bildirib: “Ali dövlət rəhbərliyimizin şəhid ailələrinə yüksək diqqət-qayğısı hamımız üçün örnək təşkil edir.

Şəhidlərimizin ailələri, yadigarları bizimçün əzizdir.

Müharibənin ildönümündə əziz şəhidlərimizin ruhunu bir daha dərin ehtiramla yad edir, yaralı qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı, uğurlar diləyirik”!

Şəhidin xanımını dinləyən, qayğıları ilə yaxından maraqlanan Komitə sədri, onu qayğılandıran məsələlərlə bağlı əlaqədar dövlət orqanları ilə telefonla əlaqə saxlayıb, müzakirələr aparıb. Şəhidin xanımına bildirilib ki, mümkün olan ən qısa müddətdə şəhid ailəsinin qaldırdığı məsələlərlə bağlı mümkün olan müvafiq tədbirlər görüləcək. 

Q.Paşayeva Z.Rzayevaya Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, İlkin Cəfər oğlu Rzayev (28.07.1984, Əlikli, Şərur – 02.10.2020, Murovdağ, Kəlbəcər) “Murov aslanı” ləqəbi ilə tanınıb. 

2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant rütbəsi almış İlkin Rzayev, 2006-2007-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçərək, Orduda xidmətə başlayıb. 2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2017-ci ildə isə mayor rütbəsinə yüksəlib. 

O, hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. 2016-cı ilin Aprel Döyüşlərində iştirak edib. 

Mayor İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib, döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Mayor Rzayev təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək, 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda - II Fəxri Xiyabanda dəfn edilib.

Ruhu şad olsun!