Satışdan qayıdan vaxtı keçmiş şirniyyatı əridib yenidən istehsal edən sex aşkarlandı

 19:24 08.10.2021     119

Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 87 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Yoxlama zamanı qəndin ağardılmasında qida sahəsində istifadəsi nəzərdə tutulmayan, kəskin qoxuya malik mənşəyi məlum olmayan ağardıcı maddədən istifadə edildiyi, satış nöqtələrindən geri qaytarılmış, yararlılıq müddəti bitmiş marmelad məhsulunun yenidən əridilərək emal olunduğu, məhsulların etiketlənməsi zamanı istehsal tarixinin dəyişdirildiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.