Fuad Muradov diaspor nümayəndələri ilə görüşdü

 23:37 08.10.2021     366

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan bir qrup diaspor nümayəndəsi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan görüşü açıq elan komitə sədri diaspor nümayəndələrini Bakıda salamlamaqdan məmnun olduğunu bildirib.

Fuad Muradov Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə təşəkkürünü bildirib, həmvətənlərimizi Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə açılan “Azərbaycan evləri”nin və Koordinasiya şuralarının fəaliyyətində yaxından iştirak etməyə dəvət edib, yaşadıqları ölkələrin cəmiyyətlərinə fəal inteqrasiya olmağa çağırıb.

Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışdan sonra diaspor nümayəndələrinin apardığı müzakirələr zamanı Dövlət Komitəsinin diaspor birliyi və həmrəyliyinə yönəlmiş addımları yüksək qiymətləndirilib, diaspor təşkilatlarının və “Azərbaycan evləri”nin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

Görüşdə iştirak edən diaspor nümayəndələrinin sabah Şuşaya səfərinin təşkil olunması qərara alınıb və sonda xatirə şəkli çəkilib.

 

2