Ağalar Vəliyev Goranboyda şəhid ailələrilə görüşüb - FOTO

 10:57 11.10.2021     771

97 saylı Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Balakürd kəndində Vətən Müharibəsinin hərbçi şəhidləri Mübariz Cəfərovun, Nofəl Nuriyevin və mülki şəhidi Raziyə Abbasovanın ailə üzvləri ilə görüşüb və onların il mərasimlərində iştirak edib. 

Redaktor.az xəbər verir ki, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan mərasimlərə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  qatılıb.

Görüşlərdən əvvəl Balakürd kəndindəki Şəhidlər Xiyabanında şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və qəbirüstü abidələrinin önünə tər güllər qoyulub.

Səmimi şəraitdə keçən görüşlərdə vurğulanıb ki, 44 günlük Vətən Müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycanın şanlı qələbəsilə başa  çatıb, 30 il ərzində işğala və vandalizmə  məruz qalan torpaqlarımız azad olunub. 

İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfər və işğaldan qurtulan rayonlarda uğurla həyata keçirilməkdə olan nəhəng infrastruktur layihələri, genişmiqyaslı quruculuq və abadlıq işləri qalib xalq kimi hər bir azərbaycanlıda haqlı qürur və fəxarət hisləri doğurur.

Qeyd olunub ki, dövlət başçımız və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı ilə yanaşır.

Bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun hər zaman dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib. 
Müharibə günlərində rayonun Qızılhacılı qəsəbəsinə atılan raket mərmisi nəticəsində dinc sakin, iki uşaq anası Raziyə Abbasova həlak olub. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Mübariz Cəfərov və hərbçi-feldşer Nofəl Nuriyev döyüş bölgəsində qəhrəmanlq göstərərək şəhidlik zirvəsinə ucalıb, “Vətən uğrunda” və “Cəsur döyüşçü”  medalları ilə təltif ediliblər. 

Həyatı və keçdikləri döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
 

2222