Deputat Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklif etdi

 13:06 11.10.2021     609

“Müstəqilliyin bərpa olunmasının 30 illiyini qeyd edəcəyik. Bu dəfə bu tarixi ərazi bütövlüyümüzün təmin edilməsi kimi möhtəşəm nəticəyə nail olduğumuz zamanda qeyd edəcəyik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, sözügedən layihə ətrafında bir neçə gündür ictimai müzakirələr gedir: “Bu müzakirələr daha optimal variantın ortaya çıxarılması üçün zəngin material verir. O vaxt İstiqlal Bəyannaməsini qəbul ediblər. O vaxtki insanların çıxışlarında istiqlal sözü daha çox işlənib. Bu məqamdan çıxış edərək qəbul ediləcək qanunun çox mühüm əhəmiyyət var”.

Əli Məsimli qeyd edib ki, Müstəqilliyin Bərpası Gününün və Müstəqillik Gününün bayram kimi qeyd edilməsi məsələsinə aydınlıq gətirmək lazımdır: “Hazırkı qanunvericilik aktlarına görə, 18 oktyabr iş günü, 28 may qeyri-iş günü kimi qeyd olunur. Bu bayramlar arasına fərq qoyulmasını düzgün hesab etmirəm. 18 oktyabr Dövlət Müstəqilliyi Gününün hər il dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı fərman var, amma bu günü qeyri-iş günü kimi qeyd etmirdik. 18 oktyabrı da qeyri-iş günü kimi qeyd etməliyik".