Qalada “Açıq mikrofon” aksiyası - FOTO

 15:21 11.10.2021     113

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşaxuna bağlar massivində keçirilib.

Redaktor.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, vətəndaşların problem və təkliflərini dinləmək üçün ərazidə “Səyyar qəbul otağı” yaradılıb.

İki saat ərzində İstehsalat Birliyinin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş edib. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

Bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyə qədər təşkil olunmuş aksiyaların hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.