Azərbaycan-Rusiya sərhədində güclü TIXAC: Rusiya TIR-ları buraxmır / FOTOLAR

 20:39 14.10.2021     4340

Azərbaycan Rusiya sərhədində uzun tıxac yaranıb.

Redaktor.az xəbər verir ki, ölkəmizdən Rusiyaya məhsul daşıyan yüzlərlə yük maşını günlərdir sərhəddə gözləyir. Apardıqları məhsul xarab olmasın deyə bütün günü kondisioneri işlək vəziyyətdə saxlayan sürücülər, mövcud vəziyyətdən şikayət ediblər.

Belə ki, 600-dən çox sürücü üzləşdiyi problemlə bağlı aidiyyatı qurumlardan yardım istəyir.  Azərbaycan-Rusiya sərhədinin Samur gömrük-sərhəd buraxılış məntəqəsinin önündə isə yük maşınlarının uzun tıxacı yaranıb. Rusiyaya ixrac olunan və yük maşınları ilə aparılan  məhsullar  4-5 gündür ki, gömrükdə qalıb.

Sürücülərin sözlərinə görə, əsas problem Rusiya tərəfindədir. Belə ki, Rusiya gömrüyündə köhnə sistem olduğundan keçid prosesi uzanır. Belə olan halda isə həm artıq yanacaq sərf edilir, həm də yük maşınlarındakı məhsullar xarab olur. Bu isə sürücülərin əlavə xərc çəkmələri ilə nəticələnir.

Yaranmış problemlə əlaqədar olaraq Samur Gömrük Postunun rəis müavini Elvin Orucov bildirib ki, ən çox yük maşınları İrandan və Türkiyədən gələnlərdir.

Buna baxmayaraq mövsümlə əlaqədar Azərbaycanda da yük maşınlarının sayı çoxalıb. Rusiyanın Məhərrəm kənd Gömrük Postunun Yaraq Qazmalar keçid Məntəqəsi gün ərzində maşınları çox qəbul edə bilmədiyinə görə bu problemlər üzə çıxıb. Elvin Orucov problemin qısa zamanda həll olunacağını bildirib. / konkret.az