Zaqatalada şəhid atası oğlunun xatirəsinə bulaq tikdirdi - FOTO + VİDEO

 09:36 17.10.2021     363

Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Valeh Bədəlovun atası Vahid Bədəlov oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün öz şəxsi imkanları hesabına bulaq inşa edib.

Redaktor.az xəbər verir ki, bu barədə şəhidin atası Vahid Bədəlov məlumat verib.

O bildirib ki, bulağın tikintisi ilə bağlı bütün xərcləri özü çəkib: "Bulağı Valehin doğulduğu Zaqatala rayonunun Aşağı Tala kəndində inşa etdirdim. Oğlumun xatirəsinin əbədiləşdirilməsi üçün bu addımı atdım. "Valeh bulağı" adlanır. Bulaq Valehin də uyuduğu kənd qəbristanlığının ayaq hissəsində, yolun qırağındadır".

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Valeh Bədəlov Cəbrayıl istiqamətində gedən döyüşlərdə oktyabrın 7-də şəhid olub. Valeh Bədəlov həm də Aprel döyüşlərinin iştirakçısı idi. Ölkə başçısının sərəncamları ilə şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Eyni zamanda, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

1996-2007-ci illərdə R.Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və ıdəbiyyat müəllimliyi ixtisası üzrə başa vurub.

Ailəli idi. İki qızı yadigar qalıb (publika.az).

22