“Əmlak vergisi ilə kommunal xərcləri səhv salmaq olmaz" - Mənzil sahiblərinin NƏZƏRİNƏ

 13:08 19.11.2021     12460

Paytaxtın Səbail rayon, Yeni Salyan yolu 20 ünvanında yerləşən "Jurnalist binaları"nın bir qrup sakini sosial şəbəkədə hər ay "Jurnalist Evi" MMC-yə kommunal xidmətlərə görə ödəniş etdikləri halda, bir tərəfdən də Səbail bələdiyyəsinin onlardan əmlak vergisi tələb etdiklərini yazıblar. Sakinlər qeyd ediblər ki, artıq neçınci dəfədir ki, onlara bələdiyyə tərəfindən tədiyyə bildirişi gəlir. İndi sakinləri belə bir sual düşündürür, görəsən, mənzilin hər kvadrat metrinə görə binanın komendantına müvafiq ödəniş edilirsə, eyni qaydada bələdiyyəyə əmlak vergisi vermək qanunidirmi? Yəni blədiyyənin tələb etdiyi vergini "Jurnalist Evi" MMC özü ödəyə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, hər bir fiziki şəxs bələdiyyə ərazisində yerləşən əmlakın mülkiyyət hüququnu əldə etdikdən sonra bir ay ərzində əmlakının yerləşdiyi bələdiyyənin vergi xidməti orqanına uçota durmalıdır:

"Bu proses könüllüdür. Əgər fiziki şəxs uçota durmasa, bələdiyyənin vergi xidməti tərəfindən müşahidə baxış tədbirləri həyata keçirilir. Nəticə etibarilə pasport qeydiyatı əsasında uçota alınır və ona beş gün müddətinə müvafiq şəhadətnamə və bildiriş təqdim edilir. Fiziki şəxslərin əmlak vergisinin konkret dərəcələri var. Məsələn, Bakı, Sumqayıt, Gəncə şəhərləri və rayonlar üzrə dərəcələr ayrıdır. Rayon taebliyində olan şəhər kəndlərdə, qəsəbələrdə qiymətlər fərqlidir. Yəni bu evin ümumi kvadrat metrinə görə hesablanıb ödənilməlidir. Əgər ödənilməzsə, bələdiyyələr tərəfindən fiziki şəxslərə bildiriş təqdim edilir. Yəni bu qanunauyğun şəkildə aparılan bir prosesdir”.

Hüquqşünas bildirib ki, kommunal xərclərlə əmlak vergisi anlayışları ayrıdır:

“Əmlak vergisi ilə kommunal xərcləri səhv salmaq olmaz. Bu ikisi ayrı anlayışlardır. Əgər bir yaşayış binasının iki shaibi varsa, hesablama aparılır və ümumi məbləğ iki yerə bölünür. Əmlak vergisi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Azərbaycan Respublikaısnın Nazirlər Kabineti Azərbaycan Respublikasının Vergi Məcəlləsi 198.1.1 maddəsində nəzərdə tutulan fiziki şəxlsərin əmlak vergisi məqsədilə Bakıda yerləşən binalara təqdim edilən əmsalların təsdiq edilməsi barədə 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunur. Göründüyü kimi, bu məsələlər qanunvericiliyin tələblərinə uyğun formada tənzimlənir. Bu vergi illik olaraq ödənilir”.

Səbail rayon bələdiyyəsinin vergi mütəxəssisi Rəşad Qayıbov isə bildirdi ki, vergi birbaşa dövlət büdcəsinə ödənilən təyinatlardır: "Komendanta ödənilən pul vergi sayılmır və binanın saxlanılmasına görə istifadə olunur. Burada isə söhbət Vergi Məcəlləsinin 198.1 maddəsində qeyd olunan əmlak vergisindən gedir. Mülkiyyəti olan hər bir vətəndaş kimliyindən asılı olmayaraq ildə bir dəfə mütləq əmlak vergisini ödəməlidir". 

Şəbnəm Mehdizadə