DİN-dən ictimai yerlərdə siqaret çəkənlərə XƏBƏRDARLIQ

Məlum olduğu kimi, Azərbaycanda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunla bir sıra yerlərdə siqaret çəkmək qadağan edilib. Bununla da açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla, iri ticarət mərkəzləri, təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya, sanatoriya-kurort müəssisələri, bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri, kütləvi tədbirlərin keçirildiyi zallar, ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkmək qadağandır.
Qanuna əsasən, qapalı yerdə tütün çəkilməsinə görə həm ondan istifadə edən, həm də bu hadisəyə icazə verən məkan sahibi cərimələnir. İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 60 manat məbləğində cərimə nəzərdə tutulur. Hətta tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Lakin sözügedən ərazilərdə tütün məmulatlarının istifadəsi ilə bağlı qadağa və məhdudiyyətlər olsa da, bir çoxları buna əməl etmir. Məsələn, ölkənin ən böyük ticarət mərkəzlərindən olan "Sədərək" Ticarət Mərkəzinin daxilində həm alıcılar, həm də satıcılar siqaret çəkir və ətrafdakı insanları siqaret tüstüsünün təsirinə məruz qoyurlar. Maraqlıdır ki, ticarət mərkəzində radio vasitəsilə siqaret tüstüsünün siqnalizasiyaların işə düşməsi ilə bağlı xəbərdarlıq edilsə də, qapalı məkanda siqaret çəkməyin qadağan olunduğu və buna görə cərimə olunacaqları barədə heç bir xəbərdarlıq edilmir.
Bəs görəsən, polis bu kimi yerlərdə reydlər aparırmı, siqaret çəkənlər cərimələnirmi?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Redaktor.az-a açıqlamasında bildirdi ki, qeyd olunan məsələ ilə bağlı yalnız qanun pozuntusu aşkarlandıqda hadisəyə dərhal reaksiya verilir:
“Ümumiyyətlə bu halla bağlı kütləvi maarifləndirmə işi nəzərdə tutulan yerlərdə tütün məmulatlarından istifadə edilməsi ilə bağlı təbliğat tək polisin işi yox, hər birimizin işi və vəzifəsi olmalıdır. Ona görə ki, siqaret və tütün məmulatlarının istifadəsi ilə bağlı qanunvericilik norması var. Bu məsələlər həmin qanunvericiliklə tənzimlənir. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Bununla bağlı vaxtaşırı maarifləndirmə işi aparılır və tövsiyə edilir ki, vətəndaşlarımız da bu prosesə qoşularaq qanuna müvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər. Əks halda qanunvericiliyin tələbləri pozularaq qapalı yerlərdə bu hal aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq tədbir görülür, inzibati xəta haqqında protokol tərtib olunur".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev isə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunundan danışarkən vurğulayıb ki, burada əsas məqsəd ətraf mühiti, gənc nəslin sağlanlığını qorumaq və onları pis vərdişlərdən uzaq tutmaqdır:
“"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun qəbul olub və icraya yönəlibdir. Biz də onun tərəfdarıyıq ki, qanunun tələblərinə əməl olunsun, qapalı məkanlarda siqaret çəkilməsin, tütün məmulatlarından istifadə olunmasın, insanların, xüsusilə gənc nəslin sağlamlığını qoruya bilək. Qanunun da əsas məqsədi bundan ibarətdir ki, xüsusilə uşaq müəssisələrinin yanında, uşaq bağçalarının, yaxud orta məktəblərin yanında köşklərdə siqaret satılmasın, siqaret satılan dükanlar olmasın. Qanuna nə qədər riayət edilib edilmədiyini biz deyə bilmərik, bunun monitorinqini aidiyyatı qurumlar aparır".
Millət vəkili qeyd edib ki, bu qanunun əsas mahiyətlərindən biri siqaret çəkənlərin ətrafında və yaxınlığında olan insanların sağlamlığını qorumaqdır:
“Siqaretin zərərli tərəfi hər kəsə bəllidir. Qapalı məkanlarda, ictimai-iaşə yerlərində siqaret çəkənlərlə yanaşı siqaret çəkməyənlər də var. Bu qanun da icazə verir ki, məkan sahibi siqaret çəkənlər üçün xüsusi yer ayırsın, tütün məmulatlarından istifadə etmək istəyənlər siqareti orada çəksinlər. Bu qanunla həm sahibkarın, həm də vətəndaşların mənafeyi nəzərə alınıb. Qanunun əsas mahiyyəti siqaret çəkənlərlə mübarizə aparmaq deyil, əsas mahiyəti ondan ibarətdir ki, siqaret pis vərdiş kimi yayılmasın və gənc nəsil buna aludə olmasın. Məqsəd gənc nəsli bundan qorumaqdır".
"Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim mövzu ilə bağlı bildirib ki, bununla bağlı hər gün həm yazılı, həm də səsli şəkildə radio vasitəsilə xəbərdarlıq olunur:
“Bununla bağlı ticarət mərkəzində yazılı xəbərdarlıqlar mövcuddur. Qapalı yerlərdə siqaret çəkənlər 50 manat cərimə olunurlar. Bir neçə ildir ki, hər yerə yazılı xəbərdarlıq yerləşdirilib. Bu tədbirlər qanun pozuntusunun qarşısını almaq üçün görülür. "Sədərək" Ticarət Mərkəzi böyük yer olduğuna görə, imkan daxilində daim nəzarət etməyə çalışırıq ki, problem yaranmasın. Buna görə biz tez-tez ticarət mərkəzinin daxili radiosu vasitəsilə də cərimələr, təhlükələr barədə xəbərdarlıqlar edirik. Bu elanlar sahibkarlara və ticarət mərkəzinə daxil olan alıcıların nəzərinə çatdırılır. Yanğınla bağlı "Sədərək"də xüsusi komissiya yarandıqdan sonra bu məsələ tam nəzarətə götürüldü, buna görə də biz siqaretin həm də yanğına səbəb ola biləcəyini də xatırladırıq. Bu məsələ diqqət mərkəzindədir və "Sabit" mühafizə xidməti tərəfindən buna daim nəzarət edilir.”
Nuranə MİRZƏYEVA