"Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk” - Ərdoğan

 11:47 04.11.2021     549

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət göndərib.

Redaktor.az xəbər verir ki, müraciəti Türkiyə Respublikasının keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri, millət vəkili Binəli Yıldırım səsləndirib.

Müraciətdə deyilir ki, Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da 30 illik ədalətsizliyə son qoyuldu.

Türkiyə Prezidenti öz müraciətində Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.

“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - deyə R.T.Ərdoğan bildirib.

O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib:

“Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.