"Qarabağda Azan səsinin ucalması böyük nemətdir"

 13:47 04.11.2021     410

"Bu mübarək günlərdə Azərbaycan xalqı öz dövlətçilik tarixinin şanlı məqamını - Vətən müharibəsində Zəfərinin birinci ildönümünü qeyd edir. Xalqımız ötən il 44 gün ərzində dünya tarixi salnaməsinə daxil olacaq haqq mücadiləsini həyata keçirərək 30 il davam etmiş işğala son qoydu, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi".

Redaktor.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə "Vətən və İman" adlı nəşrin təqdimat mərasimində çıxışı zamanı deyib.

Şeyxülislam bu münasibətlə Azərbaycan xalqını, Azərbaycan Ordusunu və Qarabağ Zəfərinin müəllifi müzəffər Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

QMİ sədri bildirib ki, Vətən müharibəsində qələbənin qüvvətverici amilləri-dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli və dini-mənəvi vəhdət, Vətənin mənafeləri naminə sarsılmaz birlik olub: "Azad Qarabağda Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması və Azan səsinin ucalması bizlər üçün böyük nemətdir".

"Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz səyləri ilə Azərbaycan dövlətçiliyinin Zəfəri bu gün azad Qarabağda bayram namazları, Novruz tonqalları və Xarı Bülbül festivalları ilə, abadlaşan kənd və şəhərlərimizlə, Şuşada əsası qoyulan yeni, möhtəşəm məscid kompleksi ilə, bərpa və yenidən qurulan məscid və məbədlərlə, Füzuli Beynəlxalq hava limanı ilə və Şüşaya aparan Zəfər yolu ilə davam edir" - A.Paşazadə əlavə edib.