Bursada Zəfər Günü qeyd edildi - FOTO

 00:31 08.11.2021     86

Türkiyənin Bursa şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə "Mən Qarabağam" adlı Zəfər Konserti baş tutub.  

Bu barədə Redaktor.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bursa Uludağ Üniversiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təşkilatçılığı, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə baş tutan tədbirdə əvvəlcə canını Vətən üçün fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilib, daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib.  

Konsertdə açılış nitqi ilə Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin sədri Lətifə Nağdalıyeva çıxış edib, Azərbaycanla Türkiyənin münasibətlərinin günü-gündən daha da möhkəmləndiyini bildirib.

Konsertdə şəhid yaxınları və qazilər, Bursa Böyükşəhər Bələdiyyəsi başqanı Alinur Aktaş və digər rəsmi şəxslər iştirak edib.

Bursanın yerli sakinlərinin və xarici vətəndaşların diqqətini erməni vandalizminə çəkmək üçün tədbir çərçivəsində "Qarabağın dünəni və bu günü" adlı sərgi də təşkil olunub.

Konsertdə azərbaycanlı sənətçilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Sonda onlara Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşəkkür plaketləri təqdim edilib.  

22