Ruhların rahatlıq tapdığı şəhər – AĞDAM

Tələbəlik dostlarımın danışdıqlarından tanıdığım, neçə dəfələrlə onlar tərəfindən dəvət olunsam da gedə bilmədiyim, 28 ilə yaxın işğal altında qalan və bu işğaldan azad olmaq yolunda 6000-ə yaxın şəhid verən və bu şəhidlərin ruhlarının rahatlıq tapmadığı AGDAM. AGDAM mənim xəyallarımda dostlarımın təsvir etdikləri kimi qalmışdı. Yəni təmiz havalı, bağlı-bağatlı, varlı, bir az da cavanları vurub-tutan rayon kimi. Onlar danışanda elə bilirdim nağila qulaq asıram. Və beləcə xəyallarımda nağıllaşdı AGDAM.
Bakı şəhər Gənçlər və İdman Baş İdarəsinin rəisi,dostumuz Raqif Abbasov mənə telefon açaraq Ağdamda keçiriləcək tədbirə dəvət edəndə bir anlıq xəyalımdakı AGDAM gözlərimdə canlandı. Yeri gəlmişkən bu dəvətə və bu cür möhtəşəm tədbirin yüksək səviyyədə keçrilməsini təşkil etdiklərinə görə başda dostumuz Raqif Abbasov olmaqla Bakı şəhər Gənçlər və İdman Baş İdarəsinin Vətən sevdalı bütün əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.
Noyabr ayının 1-də, saat 05:00-da «Ağ şəhər» deyilən yerdən avtobuslarda 60 nəfərlik bir heyətlə yola düşdük. QARABAĞA, AGDAMA getmək sevinci niyə gedirik, hansı tədbirə gedirik kimi sualları verməyi belə mənə unutdurmuşdu. Avtobusda Raqif müəllim hansı tədbirə getdiyimiz haqqında məlumat verdi.
Tədbir işğaldan azad olunan Ağdam rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bakı şəhər Gənçlər və İdman Baş İdarəsinin və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə 1 noyabr 2021-ci il tarixdə Ağdam şəhərində Vətən Müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə I Zəfər Kuboku yarişının keçirilməsi ilə bağlı idi. Bu işğaldan azad olunmuş torpaqlarda keçirilən ilk idman yarışı idi və bu ilk yarışın iştirakçilar da qazilərimiz oldu. Yarışın keçirilməsində ən önəmli məqsəd qazilərimizin və Vətən müharibəsi iştirakçılarının idmana, paralimpiya hərəkatına, qılıncoynatma növü ilə məşğul olmağa dəvət edilməsidir. Xüsusi ilə qeyd etməliyik ki, cari ilin aprel ayından bu günə kimi Vətən Müharibəsi iştirakçıları və qaziləri üçün sosial-psixoloji dəstək, hüquqi yardım və ən əsası paralimpiya hərəkatına dəvət layihəsi davam etməkdədir. Bakı şəhər Gənçlər və İdman Baş İdarəsi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının iştirakı ilə yüzlərlə qazilərimizlə görüşlər keçirilmiş onlar idmanın müxtəlif növləri, həmçinin qılıncoynatma idman növü ilə məşğul olmağa dəvət edilmişlər.
...İşğaldan azad olunmuş ərazilərə daxil olanda xəyallarımda canlandırdığım AGDAMdan əsər-əlamət qalmadı. O mənə atom bombası atılmış Xirosima və Naqasakini xatılatdı. Şəhər yerlə-yeksan olmuşdu. Elə bil ki, erməni vəhşiləri nəinki, cal-çağırlı AGDAMdan, hətta boşaldılmış AGDAMdan belə, qorxduqları üçün şəhəri bu günə qoyublar. Agdam məscidinə gedərkən yolboyu yerlə-yeksan olunmuş evləri gördükcə Allahın bizlərə necə bir vəhşi, şərəfsiz, mənəviyyatsız qonşu nəsib etdiyinin şahidi olurduq.
Bakıdan çıxanda dumanlı-çiskinli havanın olmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərə daxil olanda bizi günəşli bir yaz havası qarşıladı. İlk dayandığımız yer Ağdam məscidi oldu. Məscidin həyətində avtobuslardan düşəndə Azan səsi ruhumuzu titrətdi. Raqif müəllim dedi ki, bu çox yaxşı əlamətdi ki, biz Azan səsi ilə qarşılandıq. Yolda bir neçə yerdə dayanmağa məcbur olduq və məscidə elə vaxt çatdiq ki, həmin vaxt Azan verildi. Bu da Allahın bir lütfü idi. Məscidi ziyarət etdikdən sonra tədbirin keçriləcəyi «İmarət» adlanan yerə gəldik. Bakı şəhər Gənçlər və İdman Baş İdarəsinin və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının əməkdaşları yarışın keçirilməsi üçün hazırlıq işlərinə başladılar, biz isə AZƏRSUN əməkdaşlarının «AZƏRÇAY» məhsullarından dəmlədikləri çaydan içə-içə «İmarət»lə tanış olduq.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Himnimiz səslənərkən mən AGDAMın daşında, divarında, səmasında olan xöşbəxtliyi görürdüm. Torpaq sevinirdi. Sevinirdi ona görə ki, indi onun üzərində gəzən doğmalardır, yad deyil. Çünkü AGDAM bunu 28 ilə yaxın bir müddətdə gözləmişdi. Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbir Təşkilatçı qurumların rəhbərlərinin çıxışları ilə başladı. Sonra meydan qazi idmançılarımıza verildi. Gərgin və maraqlı keçən yarışda qazilərimizdən 1-ci yeri Hüseyn Əlixanov, 2-ci yeri Nicat Əhədov, 3-cü yeri Seyidəkbər Xalıqov, 4-cü yeri isə Bəşir Hüseynzadə qazandılar. Final görüşüindən sonra qaliblərin mükafatlandırılması oldu.
AGDAMda sonuncu dayandığımız «Sah bulaq» adlanan yer oldu. Bu yer o qədər gözəl və füsünkar bir yer idi ki, inanın nə qədər yorğun olsaq da, burada o yorğunluqdan əsər-əlamət qalmadı. Təbiətin rəngi payızı olmasaydı, elə bilərdik ki, aprel, ya da may ayıdı. Qızılı rəngə boyanmış yarpaqlar, buz kimi bulaq suyu adamın ruhunu sakitləşdirirdi.
Artıq günəşli havanı buludlu hava əvəz edirdi. İnsanlar evlərinə gələn ən əziz qonaqlarından ayrılanda kövrəlib dolduqları kimi, AGDAM da deyəsən bizdən ayrılmaq istəmədiyi üçün dolub durmuşdu. Gələndə gördüyümüz havadan əsər-əlamət qalmamışdı. Buludlu hava hər an yağış yağa biləcəyindən xəbər verirdi.
Geri dönərkən bir şeyə əmin oldum ki, AGDAMın göylərində dolaşan narahat ruhlar artıq rahatlıq tapıblar. İşğaldan azad olunmuş ərazilərdə günəşli hava və Azan səsi ilə qarşılanma, Himnimiz səslənərkən AGDAMın daşında, divarında, səmasında gördüyüm xöşbəxtlik bunu mənə agah edirdi.
«Sah bulaqdan» ayrılanda orada xidmət aparan polislərin və digər qurumların əməkdaşlarının üzlərindəki xöşbətliyin əlamətləri bizə inanmağa əsas verir ki, AGDAM tezliklə öz xöşbəxt günlərinə qovuşacaq. Xöşbəxt günlərində görüşmək ümüdü ilə AGDAM.
Seymur Şeydayev





