Komitə sədri Vətən müharibəsi iştirakçısı ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən müharibəsinin iştirakçısı, jurnalist, baş leytenant Pərviz Eldar oğlu Aslanovla görüşüb.
Jurnalistlə Mədəniyyət komitəsində görüşən Q.Paşayeva, onu Zəfər Günü münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Pərviz müəllim, Sizi 8 noyabr – Zəfər Bayramı münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, işlərinizdə uğurlar diləyirəm! Siz Füzuli və Qubadlı rayonlarının, eləcə də, Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirmiş, müvafiq olaraq, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmusuz. Cənab Prezidentin imzaladığı sərəncamlarla bu mühüm təltiflərə layiq görülməyiniz, sizin jurnalistikada olduğu kimi, hərbi xidmətdə də öz üzərinizə düşən vəzifələrə yüksək məsuliyyətlə, peşəkarlıqla yanaşdığınızı göstərir. Sizi bir daha təbrik edir, şəxsi və iş həyatınızda yeni uğurlar diləyirəm”!
Q.Paşayeva P.Aslanova Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.
P.Aslanov səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.